“Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə oktyabrın 23-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva açılış nitqi söyləyib. Bildirib ki, Azərbaycan dövləti müstəqillik dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən parlaq dövrünü yaşayır. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin liderliyi altında qazanılan qələbədən sonra Cənubi Qafqazda yaranmış reallıqların öyrənilməsi vacibdir.  

Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Qafqazşünaslıq İnstitutunun fəaliyyətindən danışıb, keçirilən tədbirlər və nəşrləri haqqında məlumat verib. 

Konfransda AMEA-nın bir sıra institutlarından, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrindən və elmi qurumlarından 39 alim və tədqiqatçı məruzə edib.

 Məruzələr 3 bölmədə müzakirə edilib. Məruzələrdə ayrı-ayrı dövlətlərdə Qafqaz üzrə strateji analitik mərkəzlərin tədqiqatları, o cümlədən ABŞ, Yaponiya, Avropa dövlətləri, Rusiya, Türkiyə, İran, İsrail, Gürcüstan, Ermənistanda olan Qafqaz üzrə araşdırma mərkəzlərinin fəaliyyəti tədqiq edilmişdir. Məruzələr içərisində Azərbaycanda Qafqazın araşdırılmasında xidmətləri olan alimlərin əsərləri də təhlil edilmişdir. Eyni zamanda, xarici ölkələrdə aparılan tədqiqat işlərində Qafqazın ayrı-ayrı problemlərinin tədqiqi məsələləri də araşdırılmışdır.

Sonda yekun dəyərləndirmə aparılıb. 

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 3 Qafqazşünasların beynəlxalq forumu, 3 beynəlxalq və 8 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.



Bölmələr: Konfranslar / Xəbərlər

Rəy bildir