AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsidir” adlı dəyirmi masa keçirilib

Yanvarın 17-də AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “20 Yanvar Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsidir” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının tarixinə həm faciəli gün, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi daxil olub. Bu gün şəhidlərimizin ruhları şaddır. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətmizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub. 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra  20 Yanvar faciəsinə aid video-çarx nümayiş olunub.

Şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “20 Yanvar azadlığa aparan yoldur” adlı məruzə edib. O, qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycandan – tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsində baş qaldırmış erməni separatizminə Rusiyanın dəstəyi xalqın səbrini tükəndirmişdi. Minlərlə insan Azadlıq meydanına yığışaraq haqqını tələb edirdi. Sovet rəhbərliyi gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi sürətdə qətlə yetirildi. Bu tarixi hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi. 

Şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı məruzə edib. Bildirib ki, 20 Yanvar faciəsindən dərhal sonra 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanan “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı qərar qəbul edildi. Qərarda törədilən qırğınlar Azərbaycan SSR-in suveren hüquqlarına, demokratik proseslərə qəsd, dinc əhaliyə qarşı zorakılıq və təcavüz kimi qiymətləndirilmişdi. Qərarda SSRİ rəhbərliyinin hadisənin törədilməsində böyük günahı olduğu vurğulanmış, günahkarların cinayət məsuliyyətinə cəlb olunması tələb olunmuşdu. 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilməsi qərara alınmış və bu günün respublika səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikası Ali Sovetindən xahiş edilmişdi. Bu qərarla 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi.

İnstitutun Həmkarlar Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Yeganə Baxşıyeva “20 Yanvar Azərbaycanın müasir istiqlal tarixində yeni dövrün başlanğıcı kimi” adlı məruzə edib. Bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində faciə günü olmaqla yanaşı, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin qəhrəmanlıq səlnaməsidir. 1998-ci il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident  İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.

Sonda institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova bildirib ki, Azərbaycan xalqı qəhrəmanlar yetişdirən xalqdır və öz tarixi qəhramanlarını, şəhidlərini heç vaxt unutmur, şəhidlərinin ruhunu uca tutur, 35 il keçməsinə baxmayaraq xalqımız eyni kədər hissi ilə 20 Yanvar faciəsini yad edir. 


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir