“Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
25 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” 25 dekabr 2023-ci il tarixli Sərəncamı ilə əlaqədar “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. “Yaşıl enerji” növlərinin yaradılması və dünya bazarlarına nəqlinin Azərbaycan Respublikasının enerji siyasətinin prioriteti olduğunu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP29-un Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin “yumşaq güc” siyasətinin növbəti parlaq nümunələrindən biri olduğunu vurğulayıb. Ekoloji problemlərin həllinin Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet məsələsi olması haqqında Prezident İlham Əliyevin sözlərini diqqətə çatdırıb:
“Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit – bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq. Ona görə biz bu məsələlərə çox böyük önəm veririk. Çalışırıq ki, ekoloji proqramların icrasında Azərbaycan qabaqcıl yerlərdə olsun”.
Ramilə Dadaşova həmçinin “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” mövzusunda geniş məruzə edib. Sonra müzakirələr olub.