“Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda respublika elmi konfransı keçirilib
AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə noyabrın 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda Azərbaycan, Türkiyə və Çindən olan tədqiqatçıların iştirakı ilə respublika elmi konfransı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açılış nitqi söyləyib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil və müasir Azərbaycan dövləti tarixinin ən parlaq dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin liderliyi altında qazanılan Zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb.
“Biz alimlər də öz elmimizlə, biliymizlə, elmi nəticələrimizlə Azərbaycanın inkişafında töhfəmizi verməliyik. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətimizə, xalqımıza fayda verən bu kimi elmi konfransların keçirilməsində biz alim və elmi tədqiqatçılar üçün həmişə şərait yaratmışdır” – deyə R.Dadaşova qeyd etmişdir.
Konfransda Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova “Dövlətlərarası münasibətlərdə prezidentlər arasında şəxsi dostluğun əhəmiyyəti Heydər Əliyev və Süleyman Dəmirəl dostluğu nümunəsində” adlı mərüzə edib. O, Ulu Öndər Heydər Əliyev və Süleyman Dəmirəl arasında şəxsi dostluğun Azərbaycan-Türkiyə münasibətlərinin milli köklər üzərində inkişaf etdirilməsində çox böyük əhəmiyyəti olduğunu bildirib.
Konfransda AMEA-nın bir sıra institutlarından, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrindən və elmi qurumlardan, eləcə də Türkiyə və Çindən olan 4 elmi tədqiqatçı daxil olmaqla, 73 alim və tədqiqatçı məruzə edib.
Məruzələr 6 bölmədə müzakirə edilib. Məruzələrdə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin dövlətlərarası münasibətlərdə və Cənubi Qafqazda sabitliyin yaradılmasında rolu və şəxsiyyət amili, eləcə də Azərbaycanın digər tarixi şəxsiyyətlərinin fəaliyyəti tədqiq edilmişdir.
Sonda yekun dəyərləndirmə aparılıb.
Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu Qafqazşünasların 3 beynəlxalq forumunu, 3 beynəlxalq və 10 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib, məruzəçilərlə yanaşı, Azərbaycanın müvafiq dövlət qurumlarına göndərilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.