AMEA Qafqazşünaslıq İnstitutu yarımillik hesabatını təqdim edib
İyunun 27-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilib. İclası İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda Qafqazşünaslıq İnstitutunun 2024-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müzakirə olunub. Hesabatı M.Qasımlı təqdim edib. Elmi Şura iclasında AMEA Rəyasət Heyətinin Sənədlərlə iş və protokol şöbəsinin müdür müavini Sevil Adıgözəlova iştirak edib.
Hesabatdan aydın olur ki, 2024-cü ilin I yarısında institutda aşağıdakı 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 iş üzrə müvafiq mənbə və ədəbiyyat toplanılmış və tədqiqat davam etdirilmişdir. Alim və elmi işçilər Ermənistanda sosial-iqtisadi və siyasi şərait, vətəndaş cəmiyyəti təşkilatlarının vəziyyəti, xaricdəki erməni təşkilatlarının Ermənistanın daxili siyasətinə təsiri, miqrasiya prosesləri, informasiya siyasəti, erməni təşkilatlarının Ermənistanın xarici siyasətinə təsiri, Azərbaycan və Türkiyə əleyhinə təbliğat, Şimali Qafqazda erməni icması və erməni təşkilatlarının fəaliyyəti, İnquşetiya və Çeçenistana ermənilərin yerləşdirilməsi, erməni icmaları, cəmiyyətləri, məktəbləri, kilsələri, kütləvi informasiya vasitələri və fəaliyyətləri, sosial-iqtisadi həyatında ermənilərin iştirakı, Gürcüstan–Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri, Ermənistanın Gürcüstanın Rusiya və Türkiyə ilə münasibətlərini pozmaq səyləri, Ermənistanın Gürcüstandakı ermənilərin dil və təhsil məsələlərinə müdaxiləsi, Gürcüstan-Ermənistan münasibətlərində din amili, Azərbaycan–İsrail münasibətlərini şərtləndirən amillər və siyasi əlaqələrin inkişaf mərhələləri, Azərbaycandakı yəhudi icması və İsraildəki azərbaycanlı icmasının ikitərəfli münasibətlərə təsiri, Cənubi Qafqazın qədim dövr tarixi-coğrafiyası, tarixinin mənbəşünaslığı və tarixinin tarixşünaslığı və b. mövzüları araşdırmışlar.
İnstitutunun əməkdaşlarının 63 əsəri nəşr edilib. Bunlardan 2-si monoqrafiya və kollektiv əsərdir (Azərbaycanda – 1, xaricdə – 1 (Birləşmiş Krallıq), 60-i elmi məqalə və tezisdir (Azərbaycanda – 28, xaricdə – 32 (Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Çexiya, Norveç, Braziliya)).
Türkiyə, Rusiya, Gürcüstan, Slovakiya, Böyük Britaniya, İndoneziya, İran, Özbəkistan, Çexiya və Kubadan olan alim və tədqiqatçıları institut əməkdaşlarının əsərlərinə 48 dəfə (M.Qasımlı – 20, R.Dadaşova – 11, Q.Hacıyev – 2, E.Kəlbizadə – 7, G. Musayeva – 3, S. Həbibbəyli – 3, Y. Baxşıyeva – 2) istinad ediblər.
M.Qasımlının Gooogle Scholar elmmetrik bazasında h-indeksi H-10 olub. Bütövlükdə alimin əsərlərinə dünyanın 55 ölkəsində 327 dəfə istinad edilib.
Hesabat geniş müzakirədən sonra qəbul edilib. İclasda institutda hazırlanan kitablar və “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapa tövsiyə edilib.
İnstitutun www.caucasusstudies.az saytına yarımil ərzində 3700 baxış olub. Ön sıralarda Polşa, Fransa, ABŞ, Türkiyə, Çin gəlir.
İclasda cari məsələlərə də baxılıb.