AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Beynəlxalq Təhlükəsizlik simpoziumunda məruzə edib
8-9 may 2024-cü il tarixində Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyası tərəfindən Ankara şəhərində növbəti Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib. Simpozium “1923-cü ildən 2023-cü ilə qədər Türkiyə əsrində təhlükəsizlik perspektivləri” mövzusuna həsr edilib. Elmi toplantıda 5 ölkədən 170 alim və tədqiqatçının müəllifi olduğu 126 məruzə dinlənilib. Məruzəçilər 52 universitet, 76 tədqiqat institutu, dövlət orqanları və digər təşkilatları təmsil ediblər.
AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan-İran kiberəməkdaşlığı” mövzusunda məruzə edib. Professor-doktor Nərgiz Cantürkün sədrliyi ilə keçirilən ikinci sessiyanın ikinci iclasında E.Kəlbizadə Ermənistan və İran arasında kiberəməkdaşlığın hüquqi bazası, mövcud vəziyyəti, yaratdığı təhdidlər, mümkün inkişaf istiqamətləri, problemləri ilə bağlı tədqiqatlarının nəticələrini təqdim edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Məruzəçiyə Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasının sertifikatı Təhlükəsizlik Elmləri Fakültəsinin dekanı professor-doktor Osman Köse tərəfindən təqdim edilib.