“İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfransı keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə aprelin 25-də AMEA Mərkəzi Elmi Kitabxanasında “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan və Pakistandan olan tədqiqatçıların iştirakı ilə beynəlxalq elmi konfrans keçirilib. Konfransı Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqi söyləyib. Bildirib ki, Şuşa şəhərinin İslam mədəniyyətinin zənginləşdirilməsində xüsusi yer tutmuşdur. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərindəki tarixi və mədəniyyət abidələrinin qorunması, bərpası və qayğısından bəhs edib. M.Qasımlı məruzə edib. 

Konfransda 120 alim və tədqiqatçının Şuşa şəhərinin tarixi keçmişi, İslam mədəniyyəti tarixində yeri, Şuşa xarici ölkələrin mətbuatında və tədqiqatlarında, Ermənistanın işğalı altında olmuş ərazilərdə tarix və mədəniyyət abidələrinin vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası  və digər məsələlərə həsr edilmiş 118 məruzə onlayn və əyani formada on bölmə iclasında dinlənilib və müzakirə edilib. Sonda yekun dəyərləndirmə aparılıb. 

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 6 beynəlxalq, 8 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. Üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir. İnstitutun beynəlxalq H-indeksi 11-dir.


Bölmələr: Xəbərlər / Konfranslar

Rəy bildir