“Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib
AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə oktyabrın 19-da AMEA Mərkəzi Elmi Kitabxanasında “Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Musa Qasımlı “Cənubi Qafqazda yeni reallıqlar” adlı məruzə edib. O qeyd edib ki, Azərbaycan dövləti müstəqillik dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən parlaq dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin liderliyində qazanılan qələbədən sonra Cənubi Qafqazda yaranmış reallıqlar təhlil edilib.
Konfransda AMEA-nın bir sıra institutları, Azərbaycan, Türkiyə, Rusiya və Çindən olan 90-dan çox alim və tədqiqatçının Cənubi Qafqazda dövlətlərarası münasibətlər, böyük və qonşu dövlətlərin region siyasəti, Cənubi Qafqaz dövlətləri və beynəlxalq təşkilatlar, enerji, kommunikasiya layihələri, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri və digər məsələlər üzrə məruzələri 6 bölmə iclasında dinlənilib və müzakirə edilib. Sonda yekun dəyərləndirmə aparılıb.
Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 7 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.