“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi nəşr edilib
AMEA Qafqazşünaslıq İnstitutunun Beynəlxalq Standart Seriya Nömrəsi almış, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb. Baş redaktoru İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, məsul katibi isə Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva olan jurnalın Redaksiya Heyətinə Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Ukrayna və Qazaxıstandan olan görkəmli alimlər daxildirlər.
Bu nömrədə Azərbaycan və Türkiyədən 12 alim və tədqiqatçının məqaləsi dərc edilib.
Jurnalda tarix elmləri doktoru, professor Qasım Hacıyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərovun “Heydər Əliyev və Qafqaz ölkələri liderləri: əməkdaşlıq təcrübəsi”, Lalə Talıbovanın rus dilində “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar”, Əvəz Rəhimovun ingilis dilində “Ermənistan hökümətinin xarici siyasət kursu və İkinci Qarabağ müharibəsindən sonra diaspora-Ermənistan münasibətləri”, Həmid Əhmədlinin “Ermənistanın enerji sektoru: strateji məqsədlər və qaz təchizatı mənbələrinin şaxələndirilməsi cəhdləri”, Kəmalə Xudaverdiyevanın “Ermənistanda milli azlıqlara münasibət: tarix və varisiliyin vəhdəti”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni film müharibəsi”, tarix üzrə fəlsəfə doktoru, dosent Şalalə Bağırovanın “XX əsrin əvvəllərində Bakıda gürcü icmasının fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Kərimovun “TANAP layihəsi ətrafında aparılan danışıqlar və Gürcüstanın maraqları”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zümrüd Məlikovanın “Türkiyə Cümhuriyyətinin xarici siyasətinin nəzəri əsasları”, dr. Korkmaz Kürşatın “Regional təhlükəsizlik kompleks nəzəriyyəsi kontekstində Türkiyə, Azərbaycan və Pakistan arasında birgə təhlükəsizlik paktina ehtiyac”, tarix elmləri doktoru Eynulla Mədətlinin “Azərbaycan İranin Qafqaz siyasətində (1918-1920)” adlı məqalələri yer alıb.
AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev və Şimali Qafqaz şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərovun məqaləsində Qafqaz ölkələri liderlərinin Ulu öndərin qeyri-adi siyasi fəaliyyəti, nüfuzu və şəxsiyyəti haqqında fikirləri tədqiq olunmuşdur.
Lalə Talıbovanın məqaləsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki rəşadətli qələbəsindən sonra Cənubi Qafqazda yeni siyasi reallıqlar təhlil edilir.
Əvəz Rəhimovun məqaləsində İkinci Qarabağ müharibəsindən sonra diaspora və Ermənistan xarici siyasət istiqamətlərinindən və münasibətlərindən, yaranan problemlərdən, bu münasibətlərdə ortaya çıxan ziddiyyətlər bəhs olunub.
Həmid Əhmədlinin məqaləsində Ermənistan Respublikasının qaz bazarının uzun illər ərzində formalaşmış strukturu və enerji idxalının şaxələndirilməsi məqsədi ilə hökumət tərəfindən atılan addımlar təhlil edilib.
Kəmalə Xudaverdiyevanın məqaləsində Ermənistan dövlət müstəqilliyinin bərpasını elan etdikdən sonra orada yaşayan milli azlıqların vəziyyətinin illər içərisində necə dəyişdiyi, qeyri-erməni əhalinin hansı səbəblərə əsasən mühacirət etdiyi araşdırılıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin məqaləsində ermənilərin Türkiyə və Azərbaycana qarşı film və incəsənət sahəsində apardıqları təbliğatı tədqiq edilib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Şalalə Bağırovanın məqaləsində Bakı şəhərində gürcü icmasının fəaliyyəti, yaradılmış ictimai birliklər, təşkilatlar və onların fəaliyyəti istiqamətləri araşdırılıb.
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimovun məqaləsində Azərbaycan təbii qazının Türkiyə və Avropaya nəqli üçün Cənub Qaz Dəhlizinin mühüm bir seqmentini təşkil edən TANAP layihəsində Gürcüstanın həm ehtiyac duyduğu təbii qaza olan təlabatını daha əlverişli şərtlə qarşılamaqla yanaşı, tranzit ölkə olaraq iqtisadi və siyasi maraqlarından bəhs edilib.
Bakı Slavyan Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zümrüd Məlikovanın məqaləsində müasir dövrdə Türkiyə Cumhuriyyətinin xarici siyasətinin nəzəri əsasları araşdırılıb.
Türkiyə Cümhuriyyəti Kırıkkale Universitetinin dosenti, dr. Korkmaz Kürşatın məqaləsində Türkiyə, Azərbaycan və Pakistanı ortaq təhlükəsizlik platformasında toplayaraq təhlükəsizlik paktı yaratmağın mümkün olub-olmadığı dəyərləndirilib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin məqaləsində 1918-1920-ci illərdə İranın Qafqaz siyasətində Azərbaycan tədqiq edilib.
Qeyd edək ki, “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı Prezident yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyasi və tarix elmləri sahələri üzrə siyahıya daxildir. Həmçinin jurnal SAJI (Scholar Article Journal Index) və CiteFactor beynəlxalq indekslərinə daxildir. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı həmçinin siyasi elmlər, beynəlxalq münasibətlər və tarix elmləri üzrə Beynəlxalq Standart Seriya Nömrələri (ISSN və e-ISSN) alıb.