“Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib
Mayın 3-də AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva çıxışında vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü dövlətə çevrilib və öz ərazilərini işğaldan azad edib.
M.Qasımlı “Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyində Qafqaz məsələləri: ümumi elmi-nəzəri baxış” adlı məruzə edib.
Konfransda AMEA-nın bir sıra institutları, Azərbaycan və Türkiyə universitetləri, digər elm və təhsil müəssisələrindən 70-dən çox alim və tədqiqatçının Heydər Əliyev və Qafqazda dövlətlərarası münasibətlər, təhlükəsizlik məsələləri, Qafqazda enerji, kommunikasiya layihələri, münaqişələrin həlli istiqamətində Heydər Əliyevin fəaliyyəti və digər məsələlər üzrə məruzələri 6 bölmə iclasında dinlənilib və müzakirə edilib.
Sonda yekun dəyərləndirmə aparılıb.
Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 6 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.