Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevralın 23-də AMEA Qafqazşünaslıq İnstitutunda işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım toplantısı keçirilib. Toplantını İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə Xocalıda soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı həqiqətlərindən danışan Musa Qasımlı, bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümumilli Lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.
Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunduğunu vurğulayıb. Anım toplantısında həmçinin institutun şöbə müdirləri tarix elmləri doktoru, professor Qasım Hacıyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.