AMEA Qafqazşünaslıq İnstitutu XIX Türk Tarix Konqresində təmsil olunub
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Türk Tarix Qurumu tərəfindən təşkil olunan və cari ilin 3-7 oktyabr tarixlərində Ankarada keçirilən XIX Türk Tarix Konqresində iştirak ediblər. 25 ölkədən 233 elm adamının iştirak etdiyi Konqresdə AMEA-nın müxbir üzvü Musa Qasımlı “Zəngəzurun Ermənistana verilməsi (Rusiya, Gürcüstan və Azərbaycanın arxiv sənədlərində)” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, Azərbaycanlı alim dünyanın müxtəlif ölkələrindən olan alimlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Musa Qasımlı həmçinin konqresin bölmələrindən birinə sədrlik edib, eyni zamanda elmi toplantının bağlanış mərasimində dəyərləndirmə şurasında yer alan yeganə azərbaycanlı və xarici ölkə alimi olub.
İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə isə konqresdə “İslami Şura Məclisinin erməni deputatlarının saxta “erməni soyqırımı”nı tanıtma cəhdləri və bunun İranın daxili və xarici siyasətinə təsirləri” mövzusunda məruzə edib. Məruzə ətrafında geniş müzakirələr aparılıb, Türkiyə və Yaxın Şərq ölkələrindən olan bir neçə alimin sualları cavablandırılıb.
Konqresdə iştirak çərçivəsində Qafqazşünaslıq İnstitutunun son illərdə nəşr etdirdiyi bəzi əsərlə Türk Tarix Qurumuna və toplantıda iştirak edən müxtəlif ölkələrin görkəmli alimlərinə təqdim edilib.