Qafqazşünasların Üçüncü Beynəlxalq Forumu

Oktyabrın 19-20-də AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Qafqazşünasların Üçüncü Beynəlxalq Forumu keçirilib.

İki gün davam edən forumda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Özbəkistan və Gürcüstandan 104 alim və tədqiqatçı iştirak edib.

Forumun açılış mərasimi AMEA Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva forum iştirakçılarını salamlayıb, işinə uğurlar arzulayıb. Qeyd edib ki, qısa müddətdə yaranmasına və azsaylı kollektivi olmasına baxmayaraq, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının rəhbərliyi  ilə Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının Azərbaycanda və xarici ölkələrdə monoqrafiyaları, kitabları,məqalələri və tezisləri nəşr olunub. Yüksək indeksli jurnallarda dərc olunan əsərlər Azərbaycan həqiqətlərinin elmi ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə 2017 və 2019-cu illərdə keçirilən Qafqazşünasların Birinci və İkinci Beynəlxalq Forumlarında dinlənilən bir çox məruzələr toplu halında işıq üzü görüb, bu istiqamətdə elmimizin inkişafına öz töhfəsini verib.

Qafqazşünasların Üçüncü Beynəlxalq Forumunun artıq regionda yaranmış yeni reallıqlar şəraitində baş tutduğunu deyən akademik bu reallığın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində qazanılmış tarixi qələbə nəticəsində mümkün olduğunu söyləyib. Vurğulayıb ki, hazırda Qafqazdakı ictimai-siyasi şərait, beynəlxalq güclərin buradakı maraqları forumda müzakirə ediləcək və regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin edilməsinə öz töhfəsini verəcək.

Forumda çıxış edən AMEA İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova Qafqazşünaslıq İnstitutunun əməkdaşları tərəfindən dəyərli əsərlərin ərsəyə gətirildiyini qeyd edib. Onun sözlərinə görə, forumda müzakirə ediləcək mövzular regionun iqtisadi, siyasi, sosial problemlərinin həllinə kömək göstərəcək.

Daha sonra Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Vətən müharibəsində qələbə: yeni reallıqlar və qafqazşünaslıq elminin qarşısında dayanan vəzifələr” adlı məruzəsi dinlənilib. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin Vətən müharibəsindəki tarixi qələbəsi ilə Qafqazda yeni reallıqların yarandığını deyən Musa Qasımlı qafqazşünaslıq elminin qarşısında dayanan başlıca problemlərə diqqəti yönəldib. Bildirib ki, alim və tədqiqatçıların  Azərbaycanın qonşularında baş verən daxili ictimai-siyasi prosesləri, böyük dövlətlərin Qafqaz regionuna aid maraqlarını dərindən öyrənilməsi faydalı olardı.

Məruzədən sonra forum öz işini bölmə iclasları ilə davam etdirib. 16 bölmədə keçiriləcək iclaslarda Vətən müharibəsi və Qafqazda yeni reallıqlar, ictimai-siyasi proseslər, münaqişələr, böyük və qonşu dövlətlərin Qafqaz siyasəti, Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi və b. problemlərə həsr edilmiş 99 məruzə müzakirə olunacaq.

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 5 respublika konfransı keçirib, elmi məruzələr və tezislər nəşr edilib. İnstitut alimlərinin əsərləri yüksək reytinqli elmi jurnallarda dərc olunub. İnstitutda  2 elmi istiqamət üzrə 2 problem 5 mövzuya dair 14 tədqiqat işi aparılır. 

İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.

Bölmələr: Xəbərlər / Konfranslar

Rəy bildir