Qafqazşünaslıq İnstitutunun yeni uğurlu nəşrləri
Yaradıldığı vaxtdan bəri AMEA Qafqazşünaslıq İnstitutu Azərbaycan ictimai elmlərində uzun müddət diqqətdən kənarda qalmış vacib problemlərin tədqiqinə həsr edilmiş əsərləri ilə uğurlara imza atır. 2022-ci il də bu baxımdan faydalıdır. İnstitutda 1 kitab, üç dildə nəşr olunan beynəlxalq indeksli jurnal və məqalələr toplusu çapdan çıxıb. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı və institutun əməkdaşları t.ü.f.d., dos. Elnur Kəlbizadə, Yeganə Baxşıyevanın yazdıqları “Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində” adlı əsər ilk dəfə nəşr edilib. 5 fəsildən ibarət olan kitabda İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində Ermənistanın yeri, iki dövlət arasında siyasi münasibətlərin vəziyyəti, Ermənistandakı yəhudi, İsraildəki erməni icmalarının qarşılıqlı münasibətlərə təsiri, Ermənistanda antisemitizm, İsrail əleyhinə mübarizə aparan zorakı qeyri-dövlət aktorları ilə Ermənistanın və erməni təşkilatlarının əlaqələri, Ermənistanın və erməni təşkilatlarının İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyət üsulları və b. məsələlər mümkün fakt və materiallar əsasında tədqiq edilib.
“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının üçüncü nömrəsində Ermənistanda sosial-iqtisadi vəziyyət, Krasnodar diyarında erməni icmasının fəaliyyəti, Cənubi Qafqaz ölkələrində gənclər siyasətinin müqayisəli təhlili və s. mövzularda məqalələr verilib.
“Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunda Ermənistanda rus dilinin ətrafında gedən ictimai-siyasi mübarizə, Gürcüstan-Ermənistan münasibətlərində problemlər, Nikol Paşinyan hökumətinin “Qarabağ avantürası” və onun nəticələri, Krasnodar və Stavropol diyarlarının sosail-iqtisadi həyatında ermənilərin iştirakı və s. mövzularda məqalələr yer alıb.