AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı Rumıniyada keçirilən beynəlxalq konfransda məruzə edib

Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Rumıniyanın Alba İulia şəhərində 14-18 sentyabr 2022-ci il tarixlərində Alba İulia Milli Muzeyinin və 1 Dekabr 1918-ci il Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Krallıq və Respublika: 1920-ci illərin əvvəllərində Avropanın siyasi quruluşu" mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Konfransda Almaniya, İtaliya, İsveç, Çexiya, Slovakiya, İsrail, Yunanıstan, Rumıniya, Rusiya, Qırğızıstan və Türkiyədən olan alimlər iştirak edib. E.Kəlbizadənin elmi məruzəsi “Qacar monarxiyasının Cənubi Qafqazda cümhuriyyət ideyalarının yüksəlişinə və milli dövlətlərin qurulmasına münasibəti” mövzusunda olub. Azərbaycanlı alimin məruzəsi konfransda böyük maraq doğurub və Almaniya, İtaliya, Çexiya, Ruımniya, Rusiyadan olan alimlərin iştirakı ilə geniş müzakirə edilib. Məruzədə Qacarlar imperiyasının Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Ermənistanla əlaqələri arxiv materialları əsasında müqayisəli təhlil edilib. Həmçinin xüsusi vurğulanıb ki, 1918-ci ildə qurulan erməni dövləti Azərbaycan əraziləri hesabına yaradılıb və ermənilər buraya kütləvi şəkildə XIX əsrdə digər ərazilərdən, o cümlədən Qacarlar   imperiyasından köçürülərək yerləşdiriliblər.  Qafqazda milli dövlətlərin yaranması respublikaçılıq ideyalarının yüksəlişi ilk dövrlərdə Qacar imperiyası tərəfindən kifayət qədər təhlükə mənbəyi kimi görülürdü. Bu imperiya bir tərəfdən onun üzərində ciddi təsirləri olan çar Rusiyasının süqutundan məmnun idisə, Qafqaz cəbhəsində Osmanlı qoşunlarının irəliləməsi, Azərbaycan Xalq Cümhuriyyəti üzərində Osmanlı dövlətinin təsirinin olmasını təhlükə olaraq görürdü. Qacarlar dövləti Cənubi Qafqaz respublikaları ilə münasibətlərini qurarkən sülalənin milli, dövlətin dini mənsubiyyətindən daha çox özünün imperiya maraqlarını nəzərə almışdır. Bu baxımdan müasir dövrlə də müəyyən paralellər aparmaq mümkündür. Qeyd edək ki, konfransda seçilən məruzələrin Cambridge Scholars Publishing tərəfindən xüsusi kitab şəklində nəşri nəzərdə tutulur. 

Rumıniyaya səfər çərçivəsində E.Kəlbizadə AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən nəşr etdirilmiş bir sıra kitab və monoqrafiyaları Alba İuliya Milli Muzeyi və “1 Dekabr 1918-ci il” Universitetinin nümayəndələrinə təqdim edib. 





Bölmələr: Xəbərlər / Xəbər arxivi

Rəy bildir