Qafqazşünaslıq İnstitutunun əməkdaşı Yunanıstanın Salonniki Aristotel Universitetində təcrübə mübadiləsində olub
Hazırkı dövrdə ölkəmizdə diqqət mərkəzində saxlanılan məsələlərdən biri elmlə təhsilin inteqrasiyasıdır. Bu baxımdan AMEA Qafqazşünaslıq İnstitutunun
əməkdaşları da tədqiqat profillərinə uyğun olaraq ölkənin müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyurlar. Bu baxımdan AMEA Qafqazşünaslı İnstitutu ilə Bakı Avrasiya Universiteti arasında da sıx əlaqələr vardır.
Cari ilin 9-14 may tarixlərində AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Avropa İttifaqının Erasmus+ Mobillik Proqramı çərçivəsində BAAU-nun dosenti kimi Yunanıstanın Salonniki şəhərində yerləşən Aristotel Universitetində təcrübə mübadiləsində iştirak edib.
E.Kəlbizadə Aristotel Universitetinin Avropa Proqramları Departamentinin, Fəlsəfə fakültəsinin nəzdində fəaliyyət göstərən Tarix və Arxeologiya Departamentinin Yeni və müasir tarix kafedrasının, Tarixi Tədqiqatlar Laboratoriyasının, Siyasi elmlər və iqtisadiyyat fakültəsinin işi ilə yaxından tanış olub, həmçinin Tarix və Arxeologiya Departamentinin professor-müəllim heyəti, doktorantura, magistratura və bakalavr pillələrində təhsil alan tələbələrə XX əsrdə Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri və mövcud durum, region ölkələrinin Yunanıstanla əlaqələri, Azərbaycan Respublikasının enerji diplomatiyası, multikulturalizm siyasətinə dair mühazirələr oxuyub. Universitetin Tarixi Tədqiqatlar Laboratoriyasının rəhbəri Yohannis Ksidapolousun təklifi ilə gələcəkdə professor-müəllim və tələbə heyəti üçün online seminarların təşkili planlaşdırılıb.
Qeyd etmək lazımdır ki, Salonniki Aristotel Universiteti “Clarivate”in apardığı statistikaya görə dünya universitetləri arasında keyfiyyət göstəricilərinə görə 335-ci, Yunanıstanda isə ikinci universitetdir. Tələbə və professor-müəllim heyətinin sayına görə isə bu Universitet Balkan regionu ölkələrinin universitetləri içərisində ən böyük kontingentə sahib olan universitet hesab edilir.
Səfər çərçivəsində E.Kəlbizadə həmçinin Salonnikidəki Atatürk Evində, Bizans, Arxeologiya, Yəhudi muzeylərində, şəhərdəki antik dövrə aid Roma Aqorasında və digər tarixi məkanlarda da olub.