31 Mart soyqırımı qurbanları yad edildi
Martın 30-da Qafqazşünaslıq İnstitutunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş onlayn dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.Qasımlı xalqımızın tarixində ən ağır və dəhşətli soyqırımlarından olan mart soyqırımının törədilməsinin səbəbləri və məqsədlərindən bəhs edib. Bildirib ki, Ulu Öndərin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru Ramilə Dadaşova, elmi katibi psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Şimali Qafqaz şöbəsinin müdiri dos. Liliya Mirzəzadə, Tərcümə, nəşr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxış edərək 1918-ci ilin mart ayında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsi, mədəniyyət və tarixi abidələrin məhv edilməsindən bəhs etdilər.