İnstitutda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
AMEA Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım toplantısı keçirilib. Toplantını elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə Xocalıda soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Musa Qasımlı bildirib ki, bu faciənin dünya ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verilib. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəltdi. Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunduğunu vurğulayıb. Anım toplantısında Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Gənc alim və müəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar İttifaqının sədri Yeganə Baxşıyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.