İnstitutda 20 Yanvar günü anıldı

Yanvarın 19-da AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsinə həsr edilmiş onlayn dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.Qasımlı xalqımızın tarixində dönüş anı olan 20 Yanvar faciəsini şərtləndirən amillərdən, Ümummilli lider Heydər Əliyevin sayəsində faciəyə dövlət səviyyəsində  tam siyasi-hüquqi qiymət verilməsindən bəhs edib. Bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız azad edilib. Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru Ramilə Dadaşova, elmi katibi dos. Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri dos. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri dos. Elnur Kəlbizadə, Tərcümə, nəşr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva  çıxış edərək 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycanın xalqının şanlı tarixinin, istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər. Bildiriblər ki, şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərin də qəlbində bir qürur mənbəyi olaraq yaşayacaqlar. 

Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir