Qafqazşünaslıq İnstitutu 2021-ci ili uğurla başa vurur

Noyabrın 22-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının videoformat-da iclası keçirilib. İclası İnstitutun baş direktoru, Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda Qafqazşünaslıq İnstitutunun 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatı; AMEA Ümumi yığıncağının 27 may 2021-ci il tarixli 1/1 nömrəli qərarının tələblərinə uyğun olaraq yeni redaksiyada hazırlanmış AMEA-da aparılacaq növbəti beşillik elmi-tədqiqat işlərinin mövzu planının təsdiq edilməsi haqqında AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli 17/1 saylı qərarı ilə Elmi Şura üzvlərinin məlumatlandırılması və İnstitutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin nəticələrinin yoxlanılmasına dair komissiyanın yaradılması haqqında və b. məsələlər müzakirə edilib. Müzakirədə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə iştirak edib. 

Hesabatı təqdim edən M.Qasımlı qeyd edib ki, Qafqazşünaslıq İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış və AMEA-nın elmi müəssisələrinə aid olan Sərəncamlarını, Dövlət Proqramları, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını yerinə yetirib.

 2021-ci ildə İnstitutda 1 elmi istiqamət, 2 problem üzrə, 5 mövzuya dair 16 tədqiqat işi aparılıb. Birinci problem çərçivəsində Qafqaz dövlətlərinin siyasi və sosial-iqtisadi problemləri, ikinci problem çərçivəsində isə böyük dövlətlərin və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasətinin araşdırılması qarşıya məqsəd olaraq qoyulub. 

Hesabat ilində İnstitut əməkdaşlarının 6 kitabı nəşr edilib. Türkiyədə 1, Azərbaycanda isə 5 kitab və monoqrafiya çap olunub. 58-i xarici ölkələrdə (Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Macarıstan, Pakistan, Almaniya, Polşa, Belarus, Yaponiya, Fransa) olmaqla 187 məqalə və tezis, internet saytlarında və qəzetlərdə isə 182 məqalə dərc etdirilib. Ümumilikdə, bir il ərzində İnstitut əməkdaşlarının dərc olunan əsərlərinin sayı 376 olub.

İnstitut əməkdaşlarının impakt faktorlu jurnallarda 6 məqaləsi (Q.Hacıyev, V.Ömərov, R.Dadaşova, G.Feyziyeva, S.Həbibbəyli)  dərc olunub. Türkiyə, Rusiya, Belarus, Avstriya, Ukrayna, İsveçrə, Polşa və digər ölkələrin alim və tədqiqatçıları İnstitut alimlərinin əsərlərinə 54 dəfə (M.Qasımlı 29, E.Kəlbizadə 12, R.Dadaşova 8, V.Ömərov 2, N.Məmmədova 2, Y.Baxşıyeva 1) istinad edilib.

2021-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ikinci sayı nəşr edilib və elektron beynəlxalq seriya nömrəsi (e-ISSN) alınıb.

Hesabat dövründə İnstitut əməkdaşları 88 məruzə ilə beynəlxalq (ölkədə - 46, xaricdə - 42) və 58 məruzə ilə respublika elmi konfranslarında çıxış ediblər. Qafqazşünaslıq İnstitutunun alimləri ABŞ, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif elmi cəmiyyətlərin, beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətlərinin üzvləridirlər. 

Hesabat dövründə institutun www.caucasusstudies.az saytına 3500 İP ünvanından baxış olub.  “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az 

saytı fəaliyyət göstərir. İnstitutun elmi və kütləvi sosial şəbəkələrdə yeni rəsmi hesabları yaradılıb. 

İnstitutda kadr hazırlığı məsələləri də uğurla həyata keçirilib. M.Qasımlı qeyd edib ki, 2021-ci ildə əməkdaşlardan E.Kəlbizadə dosent adı alıb, 3 nəfərin (G.Musayeva, G.Feyziyeva, Y.Baxşıyeva) fəlsəfə doktoru dissertasiya işləri Müdafiə Şurasındadır, 1 nəfərin (S.Həbibbəyli) işi müzakirəyə təqdim edilib. Hazırda əməkdaşlardan 3 nəfər elmlər doktoru dissertasiyası, 2 nəfər isə fəlsəfə doktoru dissertasiya işi üzərində işləyir. 

Diqqətə çatdırılıb ki, hesabat dövründə əməkdaşlar müxtəlif dövlət qurumları və universitetlər tərəfindən təşkil edilən tədbirlərdə məruzələrlə çıxışlar ediblər. 

Çıxış edən AMEA-nın müxbir üzvü K.Bünyadzadə və Elmi Şura üzvləri İnstitutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndiriblər.

İclasda həmçinin institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının 18 oktyabr 2021-ci ildə Türkiyədə (İstanbul)  “Azərbaycan bu gün və yaxın keçmişin qazandırdığı dəyərlər” və 30 oktyabr 2021-ci ildə Türkiyədə (Ankara) “Qars müqaviləsinin 100 ili” mövzusunda beynəlxalq konfranslarda iştirakına dair, həmçinin Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin 4-6 noyabr 2021-ci ildə Türkiyədə (İstanbul) “Yavuz Sultan Səlim və dövrü” mövzusunda beynəlxalq simpoziumda iştirakına dair hesabatları dinlənilib və cari məsələlərə baxılıb.

Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir