“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda Respublika elmi konfransı
Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda 100 alim və tədqiqatçının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri, Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi, beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri, Azərbaycan dövlətinin güc meyarları, Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində, İkinci Qarabağ müharibəsi və nəticələri, Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim və b. problemlərə həsr edilmiş məruzələri bölmə iclaslarında müzakirə edilib.
Konfransı açan AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan konfrans çox böyük əhəmiyyətə malikdir və konfransda müzakirə ediləcək məsələlər aktualdır. Bildirdi ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər Müzəffər Ali Baş Komandanın adı ilə bağlı olan tarixi qəhrəmanlıqdır və bütün bunlar alimlər tərəfindən öyrənilməli, təhlil olunmalıdır.
Plenar iclasda məruzə edən Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 30 ilin başlıca yekunu və perspektivlərinə diqqət yetirdi. Bildirdi ki, Ümummilli liderin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkənin inkişafına nail olunmuşdur. “Əsrin müqaviləsi”-nin bu inkişafın açarı olduğunu, Heydər Əliyevin nefti ilk dəfə təbii sərvətdən milli sərvətə çevirməsini və bu uğurlu siyasətin davamı olaraq 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasirləşmiş, güclü dövlətə çevrilmiş və ərazilərini işğaldan azad etmişdir. 30 ilin təcrübəsindən alınan başlıca dərs ondan ibarətdir ki, Azərbaycan millətinin tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət xadimi dayanır.