“Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa bəyannaməsinə” mövzusunda respublika elmi konfransı
Sentyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars mü-qaviləsindən Şuşa bəyannaməsinə” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans ölkə səviyyəsində nəzərdə tutulsa da, onun işində Türkiyə və Gürcüstandan alimlər də iştirak ediblər. Konfransda 98 alim və tədqiqatçının ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri, 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması, sovet dövründə ərazi-sərhəd məsələləri, 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri bölmə iclaslarında müzakirə edilib.
Konfransı açan AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli qeyd etdi ki, Şuşa bəyannaməsinin 100 il öncə imzalanan Qars müqaviləsinə istinad etməsi ümümdövlət, regional və global əhəmiyyətə malikdir. Bildirdi ki, Vətən müharibəsində qazanılan qələbənin bir illiyinə həsr olunan bu konfransda müzakirə ediləcək mövzular günümüzün aktual problemləridir.
Plenar iclasda məruzə edən Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qars müqaviləsi və Şuşa bəyannaməsinə diqqət yetirdi. Cənubi Qafqazda ərazi-sərhəd dəyişikliklərinin səbəbləri və nəticələrindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünün bərpasının əhəmiyyətindən bəhs etdi.
Video formatda konfransa qoşulan Tükiyədən tarix elmləri doktoru, professor İbrahim Ethem Atnur “Qars müqaviləsinin Türkiyə və Azərbaycan üçün regional proseslər kontekstində qiymətləndirilməsi” və Gürcüstandan tarix elmləri doktoru, professor Roin Kavrelishvili “Qars müqaviləsinin Gürcüstan ictimaiyyətində əks olunması” məruzələri ilə çıxış etdilər.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi.