Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa
İyunun 10-da Qafqazşünaslıq İnstitutunda Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa keçirilib. Geniş məruzə edən müəssisənin rəhbəri AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı əməkdaşları bayram münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki tarixi qayıdışı ölkəni anarxiyadan və dağılmaqdan xilas etdi.
Sonra İnstitutun şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, Günel Musayeva, Samirə Həbibbəyli, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikada mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əsasların yaradıldığını bildiriblər.