AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Gürcüstanda keçirilən beynəlxalq elmi konfransda məruzə edib
Gürcüstanın 26 May - Respublika günü münasibətilə Suxumi Dövlət Universitetində Gürcüstan, Azərbaycan, Ukrayna, Özbəkistan və b. ölkələrdən görkəmli alimlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Azərbaycan Respublikası-Gürcüstan münasibətləri (1991-2021)” mövzusunda məruzə edib. Qarşılıqlı münasibətləri şərtləndirən amilləri və keçilən yolu təhlil edən alim bildirib ki, 1919-cu ildə Ermənistan-Gürcüstan müharibəsi zamanı Azərbaycan və gürcü xalqları çiyin-çiyinə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşublar. Abxaziya və Tsxinvalidə separatçılığa qarşı mübarizədə də azərbaycanlılar və gürcülər bir yerdə olublar. M.Qasımlı Azərbaycan və Gürcüstan arasında münasibətlərin yeni təməllər üzərində qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini vurğulayıb. Məruzəni yüksək qiymətləndirən gürcü alimləri iki ölkə arasında münasibətlərin dostluğa və mehriban qonşuluğa əsaslandığını və böyük perspektivlərinin olduğunu bildiriblər.