Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilib
Fevralın 24-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi şurasının video formatında növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda AMEA Rəyasət Heyətinin AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqıda 8 yanvar 2021-ci il tarixli 1/2 saylı, AMEA Rəyasət Heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında 12 yanvar 2021-ci il tarixli 2/4 saylı qərarları ilə Elmi Şura üzvləri tanış edilib. İnstitutun görəcəyi nəzərdə tutulan işlər müzakirə olunub və konkret tapşırıqlar verilib. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsinə dair AMEA Rəyasət Heyətinin AMEA-nın Tədbirlər planı haqqında 4 fevral 2021-ci il tarixli 7/5 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb. Bu məsələ barəsində İnstitutun planları müzakirə aparılıb.
İclasda İnstitut əməkdaşlarının hazırladığı “Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunun nəşri barədə qərar qəbul edilib.
Şura iclasında institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Elmi Şuranın sədr müavini, İnstitut Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva isə Elmi Şuranın üzvü seçiliblər.
İclasda həmçinin bir sıra cari məsələlərə baxılıb.