20 Yanvar hadisəsinə həsr edilmiş dəyirmi masa
Yanvarın 18-də AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsinə həsr edilmiş onlayn dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elmi müəssisənin rəhbəri 20 Yanvar faciəsinə gətirən proseslərdən, törədilməsindən, nəticələrindən və Ulu öndər Heydər Əliyevin verdiyi qiymətdən, şəhid ailələrinə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qayğısından bəhs edib. Bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız azad edilib. Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova, elmi katibi dos. Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri dos. Vahid Ömərov, Şimali Qafqaz şöbəsinin müdiri dos. Liliya Mirzəzadə, Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva çıxış edərək 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycanın şanlı tarixinin, istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər. Bildiriblər ki, şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərin də qəlbində bir qürur mənbəyi olaraq yaşayacaqlar.