Qafqazşünaslıq İnstitutu ili uğurla başa vurur
Noyabrın 25-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının videoformatda iclası keçirilib. İclası İnstitutun direktoru, Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli 17/2 saylı qərarına uyğun olaraq Qafqazşünaslıq İnstitutunun 2020-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatın dinlənilməsi və müzakirəsi; AMEA Rəyasət Heyətinin AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2020-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında 30 oktyabr 2020-ci il tarixli 17/2 saylı qərarı ilə Elmi Şura üzvlərinin tanış edilməsi və İnstitutun 2020-ci il üçün elmi-tədqiqat işlərinin nəticələrinin yoxlanılmasına dair yaradılmış komissiyanın hesabatı məsələləri müzakirə edilib. Elmi müəssisənin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin müzakirəsində AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva da iştirak edib.
Hesabatı təqdim edən M.Qasımlı qeyd edib ki, Qafqazşünaslıq İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış və AMEA-nın elmi müəssisələrinə aid olan bütün Sərəncam, Dövlət Proqramları, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını yerinə yetirib. Hesabat ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli 800 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”ndan, AMEA Ümumi yığıncağının 28 dekabr 2019-cu il tarixli 3/5 saylı “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında qərarından irəli gələn vəzifələri rəhbər tutaraq başlıca fəaliyyət və tədqiqat istiqamətlərini müəyyənləşdirərək işlərini davam etdirib.
Koronavirus pandemiyasının yaratdığı çətin şəraitə baxmayaraq, İnstitut fəaliyyətini uğurla davam etdirib. İnstitutda ümumilikdə 32 nəfər əməkdaş çalışıb.Onlardan cəmi 13 nəfəri elmi işçidir. Elmi işçilərdən 1 nəfəri AMEA-nın müxbir üzvü, 4-ü elmlər doktoru, 4-ü isə fəlsəfə doktorudur.
2020-ci ildə 2 elmi istiqamət üzrə, 5 mövzuya dair 16 tədqiqat işi aparılıb. Birinci istiqamətə daxil olan mövzularda Qafqaz dövlətlərinin ictimai-siyasi və digər problemlərinin, ikinci istiqamətə daxil olan mövzularda isə Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasətinin araşdırılması qarşıya məqsəd olaraq qoyulub.
Hesabat ilində İnstitut əməkdaşlarından M.Qasımlının kitabı (kollektiv) ABŞ-da, R.Dadaşovanın monoqrafiyası Türkiyədə nəşr edilib. Azərbaycanda isə 6 kitab, 4 tədris-metodiki vəsait çap etdirilib. 52-si xarici ölkələrdə (Çili, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Ukrayna, Avstriya) olmaqla 111 məqalə və tezis, internet saytlarında və qəzetlərdə isə 169 məqalə dərc etdirilib. Ümumilikdə, bir il ərzində İnstitut əməkdaşlarının dərc olunan əsərlərinin sayı 293 olub.
İnstitut əməkdaşlarının impakt faktorlu jurnallarda 9 məqaləsi (M.Qasımlı 1, R.Dadaşova 3, E.Kəlbizadə 4, B.Məmmədova 1) dərc olunub. Türkiyə, Rusiya, Çili, Ukrayna, Qırğızıstan, Moldova və digər ölkələrin alim və tədqiqatçıları İnstitut alimlərinin əsərlərinə 38 dəfə (Musa Qasımlı 25, E.Kəlbizadə 9, R.Dadaşova 4) istinad edilib.
Diqqətə çatdırılıb ki, həm AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının həmmüəllifliyi ilə ABŞ-da çap edilmiş “Postsovet münaqişələri: otuz illik böhranlar” kitabında, həm İnstitutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın Türkiyədə ingilis dilində çap edilmiş “Regional münaqişələrin həll edilməsi problemləri: BMT-də islahatlar” kitabında, həm də nüfuzlu elmi bazalarda indeksləşən impakt faktorlu jurnallarda İnstitut əməkdaşlarının dərc etdirdiyi məqalələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması, Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində davam etmiş hərbi təcavüzü və işğalçılıq siyasətinin ifşa olunması əsas məqsəd olaraq qarşıya qoyulub.
Hesabat dövründə M.Qasımlının başçılığı altında institutun bir qrup əməkdaşının hazırladığı irihəcmli “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr – XXI əsrin əvvəlləri)” adlı fundamental kitabda isə ermənilərin Gürcüstana qarşı fəaliyyəti mənbələr əsasında araşdırılıb.
2020-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb və beynəlxalq sertifikatlaşdırma indeksi alıb. 2019-cu ildə keçirilmiş Qafqazşünasların II beynəlxalq forumunun materialları (2 cilddə) nəşr edilib.
Hesabat dövründə institut əməkdaşları 34 beynəlxalq (ölkədə - 10, xaricdə - 24) və 7 respublika elmi konfranslarında 41 məruzə ilə çıxış ediblər. Qafqazşünaslıq İnstitutunun alimləri ABŞ, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif elmi cəmiyyətlərin, beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətlərinin üzvləridirlər.
Hesabat dövründə institutun www.caucasusstudies.az saytına 1095 İP ünvanından baxış olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az saytı fəaliyyət göstərir. İnstitutun elmi və kütləvi sosial şəbəkələrdə yeni rəsmi hesabları yaradılıb.
Kadr hazırlığı məsələlərinə toxunan M.Qasımlı qeyd edib ki, 2020-ci ildə əməkdaşlardan 1 nəfərin (R.Dadaşova) siyasi elmlər doktoru dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən təsdiq edilib, 2 nəfərin (G.Musayeva və G.Feyziyeva) fəlsəfə doktoru dissertasiya işi müdafiəyə tövsiyə edilib. Hazırda 3 nəfər elmlər doktoru (V.Ömərov, S.Hüseynova, E.Kəlbizadə), 1 nəfər (S.Həbibbəyli) fəlsəfə doktoru dissertasiyası üzərində işləyir. 2 mütəxəssis isə (B.Məmmədova, K.Salayev) magistr təhsili alır.
Diqqətə çatdırılıb ki, hesabat dövründə əməkdaşlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, ADA Universiteti, Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil edilən müxtəlif tədbirlərdə məruzələrlə çıxışlar ediblər.
İnstitut Qadınlar Şurasının sədri, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. 2020-ci ilin may ayı ərzində Şimali Qafqaz şöbəsinin elmi işçisi, Gənc alimlər şurasının sədri, beynəlxalq əlaqələr üzrə məsul şəxs Gunay Feyziyeva Web of Science tərəfindən təşkil edilən 3 webinarda (“Səmərəli elmi fəaliyyət üçün Clarivate alətləri”, “Clarivate alətlərinin geniş imkanları” və “Beynəlxalq jurnallarda nəşr üçün praktik təlimatlar”), Qafqaz siyasi şöbəsinin elmi işçisi Yeganə Baxşıyeva isə Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERAEAP” adlı təlim proqramında iştirak edib və sertifikatlar əldə ediblər.
Vətən müharibəsi günlərində İnstitut əməkdaşları müxtəlif platformalarda ingilis, rus, türk, fars, gürcü, erməni dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması işində iştirak edib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq məvaciblərinin bir hissəsini könüllü şəkildə köçürüb, qanvermə aksiyalarına qatılıb, bəzi əməkdaşlar isə Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq müvafiq strukturlara müraciət ediblər.
Çıxış edən akademik G.Baxşəliyeva və Elmi Şura üzvləri institutun 2020-ci ildəki elmi və elmi-təşkilati hesabatını qənaətbəxş qiymətləndiriblər.
İclasda həmçinin AMEA Rəyasət Heyətinin AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2020-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında 30 oktyabr 2020-ci il tarixli 17/2 saylı qərarı ilə Elmi Şura üzvləri tanış edilib və İnstitutun 2020-ci il üçün elmi-tədqiqat işlərinin müzakirəsi keçirilib.