“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk nömrəsi nəşr edilib
AMEA Qafqazşünaslıq İnstitutunun Beynəlxalq Standart Seriya Nömrəsi almış, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının birinci nömrəsi çapdan çıxıb. Baş redaktoru İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, məsul katibi isə Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva olan jurnalın Redaksiya Heyətinə Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Ukrayna və Qazaxıstandan olan görkəmli alimlər daxildirlər.
Jurnalın ilk nömrəsində Azərbaycan, ABŞ və Rusiyadan 13 alim və tədqiqatçının məqaləsi dərc edilib.
AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının ingilis dilində dərc edilən “Qafqazşünaslıq elminin aktual problemləri” adlı məqaləsində dünyanın müxtəlif ölkələrində Qafqaz regionu problemlərinə dair tədqiqatlar aparan mərkəzlərin fəaliyyəti, Ermənistanın hərbi təcavüzü önə çəkilərək Azərbaycan Respublikasında Qafqaz məsələlərinin araşdırılmasının zəruriliyi və əsas istiqamətləri təhlil edilib. Məqalədə qeyd olunur ki, SSRİ-nin süqutundan sonra Qafqazdakı münaqişələr, xüsusən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi yeni siyasi şərait formalaşdırıb. Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinin araşdırılması və proqnozlaşdırılması Qafqazşünas alimlərin qarşısında dayanan vəzifələrdən biridir.
AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin ingilis dilində dərc edilmiş “İran – Ermənistan münasibətlərində erməni icması və diasporası amili” adlı məqaləsində İrandakı erməni icmasının etnik və dini özünüidarəetməsi, bu icmanın İran üçün törətdiyi təhdidlər, diaspora və icmanın iki ölkə arasındakı əlaqələrdə rolu araşdırılıb.
İnstitutun Ermənişünaslıq şöbəsinin əməkdaşı Aynur Əzimzadənin rus dilində “Ermənistanda yəhudilərə qarşı ayrı-seçkilik siyasəti” məqaləsində 1991-ci ildən sonra Ermənistanda yəhudilərə qarşı yürüdülən siyasəti mötəbər mənbələr, fakt və materiallar əsasında araşdırılıb. Ermənistanda yəhudilərin sıxışdırılaraq miqrasiyaya məcbur edilməsi, ictimai rəydə və siyasi dairələrdə antisemitizm və yəhudilərə qarşı cinayətlər şərh olunub.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimovun rus dilində dərc edilmiş məqaləsi “Regional proseslər fonunda Rusiya – Azərbaycan münasibətləri” adlı məqaləsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, regional əməkdaşlığın Rusiya – İran – Azərbaycan üçtərəfli formatda inkişafı, Rusiya – Türkiyə münasibətlərinin regional proseslərə təsiri məsələləri araşdırılıb.
Jurnalda Rusiya alimi Oleq Kuznetsovun “Ermənistanda nasizmin qəhrəmanlaşdırılması praktikası: siyasi-hüquqi təhlil” adlı məqaləsi xüsusi maraq doğurur. Uzun illər boyu məxfi saxlanılmış arxiv mənbələri əsasında yazılmış məqalədə erməni terror-siyasi təşkilatlarının və xadimlərinin nasistlərlə əlaqələri, müasir mərhələdə Ermənistanda nasizmin təbliği məsələləri araşdırılıb, nasizmin Ermənistanda dövlət siyasətinə çevrildiyi elmi dəlillərlə sübut edilib, bunun mümkün fəsadları proqnozlaşdırılıb. Ermənistanda aparılan bu prosesin nəinki regionunun, ümumilikdə dünyanın gələcək təhlükəsizliyini təhdid etdiyi faktlarla qeyd edilib.
Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Baxşıyevanın ingilis dilində dərc edilmiş “Azərbaycan Respublikasının hidrotəhlükəsizliyinə təhdidlər” adlı məqaləsində Ermənistanın Azərbaycan Respublikasına qarşı hidro-terror fəaliyyəti, ekosistemin tarazlığının pozulmasının regional və qlobal təhdidləri tədqiq edilib.
ABŞ-ın Koastal Karolina Universitetinin professoru Kristofer Qanın məqaləsi “1988-ci ildən sonra erməni terrorizmi: Erməni Gizli Ordusu, Vrej və Azərbaycana qarşı müharibə” adlanır. ABŞ arxivlərində saxlanılan məxfi sənədlər əsasında yazılmış məqalədə Erməni Gizli Ordusu və onun “Vrej” adlanan qanadının Azərbaycana qarşı qanlı fəaliyyətləri, törətdikləri terror aktları konkret fakt və materiallar əsasında tədqiq edilib, Ermənistanın gerçək terrorçu mahiyyəti faktlarla bir daha sübuta yetirilib.
Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərovun Azərbaycan dilində dərc edilmiş “Gürcüstanda əsassız erməni iddiaları” adlı məqaləsi ermənilərin gürcü xalqına qarşı əsassız iddiaları tarixi sənədlər, xüsusən gürcü mənbələri əsasında araşdırılıb. Ermənistanın və erməni diasporasının Gürcüstanda erməni separatizmini dəstəkləməsinin səbəbləri aydınlaşdırılıb.
AMEA Gəncə Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun ingilis dilində “Ənənəvi Gəncə xalçaları Azərbaycan mədəni irsinin örnəkləri kimi” adlı məqaləsi Gəncə şəhərində ənənəvi xalçaçılığın təşəkkülü və Qafqazın maddi və mənəvi mədəniyyətində tutduğu yer öyrənilib.
Dağıstan Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Almaz İsmayılovanın jurnaldakı məqaləsi XIX–XX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaz diyarında köçürmə siyasətinə həsr olunub. Məqalədə regionda demoqrafik şəraitin dəyişdirilməsi məqsədi ilə bölgəyə molokanların, duxaborların, alman koloniyaçılarının və ermənilərin köçürülməsi siyasəti mənbələr əsasında tədqiq edilib.
Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqatlar Mərkəzinin baş elmi işçisi, tarix elmləri doktoru Ruslan Səfərbəyovun “İnqilabaqədərki, sovet və post-sovet dövrlərində Dağıstanda kənd yaşayış məntəqələrinin strukturunda baş verən dəyişikliklər” adlı məqaləsində Dağıstandakı kənd yaşayış məntəqələrinin quruluşu, ənənəvi kənd yaşayış məntəqələrinin “sovet kəndi”nə transformasiyası və Sovet İttifaqının süqutundan sonra müasirləşməsi məsələləri araşdırılıb.
Jurnalın rəylər və elmi toplantılar bölməsində AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova tərəfindən hazırlanmış “Qafqaz xalqlarının tarixi” dərsliyi haqqında rəyi dərc edilib.
Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayevanın 2019-cu ilin may ayında Bakıda keçirilmiş Qafqazşünasların II Beynəlxalq Forumunda Qafqaz problemlərinin müzakirəsinə həsr edilmiş məqaləsində beynəlxalq elmi toplantıda aparılan elmi diskussiya və müzakirələr, foruma xarici ölkələrin nüfuzlu elmi mərkəzləri tərəfindən göstərilən maraqdan bəhs olunub.
Günel Musayeva,