Qafqazşünaslıq İnstitutu əməkdaşlarının əsərlərinə Norveç, Türkiyə və Rusiya alimləri tərəfindən istinadlar edilib


AMEA-nın Qafqazşünaslıq İnstitutu Elmi şurasının video formatında iclası keçirilib. İclasda elmi müəssisənin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 2020-ci ilin birinci yarısı üçün institutun elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Diqqətə çatdırıb ki, bu ilin birinci yarısında institutda 2 elmi istiqamətdə 5 mövzuya dair 16 iş üzrə tədqiqatlar davam etdirilib. İnstitut əməkdaşlarının, 36-sı xarici ölkələrdə olmaqla 59 elmi məqalə və tezisi çap edilib. Məqalələrdən biri impakt faktorlu jurnalda dərc olunub. Elmi işlər üzrə direktor müavini, dosent Ramilə Dadaşovanın monoqrafiyası Türkiyədə nəşr edilib. Əməkdaşların əsərlərinə Norveç, Türkiyə, Rusiya alimləri 24 dəfə istinad ediblər (Musa Qasımlı – 15, Elnur Kəlbizadə - 9). Video formatında keçirilmiş beynəlxalq elmi toplantılarda 20, respublika konfranslarında isə 7 məruzə olunub.
Vurğulanıb ki, institutda kadr hazırlığı da uğurlu olub. Tərcümə, informasiya və nəşr şöbəsinin müdiri Günel Musayeva və Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyevanın AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının elmi rəhbərliyi altında yazdıqları dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix və Beynəlxalq münasibətlər kafedralarının professor-müəllim heyətinin iştirakı ilə videokonfrans formatında keçirilən ikinci geniş müzakirədən sonra müdafiəyə tövsiyə edilib. İnstitutun elmi katibi, dosent Südabə Hüseynova və Gürcüstanşünaslıq şöbəsinin müdiri, dosent Vahid Ömərov siyasi elmlər doktorluğu hazırlığı üzrə (Beynəlxalq münasibətlər) dissertanturaya qəbul ediliblər. İnstitutda 2 elmi seminar keçirilib və əməkdaşlar kitab təqdimatlarında çıxışlar ediblər.
Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Baxşıyeva Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə təlimdə iştirak edib. Gənc Alimlər Şurasının sədri Gunay Feyziyeva may ayında “Web of Science” tərəfindən təşkil edilən 3 vebinarda (“Səmərəli elmi fəaliyyət üçün Clarivate alətləri”, “Clarivate alətlərinin geniş imkanları” və “Beynəlxalq jurnallarda nəşr üçün praktik təlimatlar”) iştirak edərək sertifikat alıb. Şöbə müdiri Günel Musayeva AMEA-nın elmi və ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.
Həmçinin institutun Azərbaycan, rus və ingilis dillərində rəsmi internet saytı fəaliyyət göstərib.
İclasda Musa Qasımlı, Vahid Ömərov, Naziyə Məmmədova, Kamal Salayev və Samirə Həbibbəylinin “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” adlı əsəri, Qafqazşünasların II beynəlxalq forumunun materialları (2 cilddə), “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı çapa tövsiyə edilib.
Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir