AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşları Rusiya Federasiyasında keçirilən online-konfransda iştirak ediblər

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və İnstitutun Şimali Qafqaz şöbəsinin əməkdaşı Şahnaz Tağıyeva Rusiya Federasiyasının Qaraçay-Çərkəz Dövlət Universitetinin təşkil etdiyi "Rusiya sahibkarlığı: inkişaf tarixi, təcrübə və siyasi-iqtisadi diskursda yeri” mövzusunda elmi konfransda iştirak ediblər. 
Şöbə müdiri, t.ü.f.d. Elnur Kəlbizadə konfransın plenar iclasında “Azərbaycan-Polşa iqtisadi və humanitar əlaqələrində Naxçıvanın yeri” mövzusunda məruzə edib. Məruzədə tarixdən günümüzə Azərbaycan və Polşa arasında iqtisadi və humanitar əlaqələrdən bəhs edilib. Qeyd edilib ki, 1918-ci ildə tarixi Qərbi Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması, İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi, XX əsrin 20-ci illərində isə Zəngəzur bölgəsinin Ermənistan SSR-ə verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Nəticədə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu zərurətə çevrilmişdir. XX əsrin 90-cı illərində Ermənistanın yaratdığı blokada şəraitində Naxçıvan Muxtar Respublikasının müxtəlif ölkələrlə iqtisadi və humanitar əlaqələr qurmaq zərurəti yaranmışdır. Azərbaycan Respublikasının xarici əlaqələrinin tərkib hissəsi olaraq XXI əsrin əvvəllərindən başlayaraq Polşanın müxtəlif regionları ilə muxtar respublika arasında iqtisadi və humanitar sahələrdə müəyyən əlaqələr qurulmuşdur.
Şimali Qafqaz şöbəsinin əməkdaşı Şahnaz Tağıyeva isə konfransa “Dağıstanın sosial və iqtisadi inkişafı Azərbaycanla münasibətlərin vacib amili kimi” mövzusunda məruzə ilə qatılıb. Məruzədə Dağıstanın sosial-iqtisadi inkişafında Azərbaycanın rolu və əhəmiyyəti məsələsinə toxunulub.
Qeyd edək ki, konfransda 60-a yaxın alim və tədqiqatçının məruzələri dinlənilib. 


Bölmələr: Xəbərlər / Konfranslar

Rəy bildir