Qafqazşünaslıq İnstitutu öz fəaliyyətini uğurla davam etdirir
AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşları ölkədə müəyyən edilmiş karantin rejiminin tələblərinə ciddi riayət edərək onlayn rejimdə öz fəaliyyətlərini davam etdirir. İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı əməkdaşlarla mütəmadi onlayn əlaqə saxlayaraq,öz tapşırıqlarını və tövsiyələrini verir.
Belə ki,karantin müddətində əməkdaşlar müxtəlif beynəlxalq və yerli jurnallara, beynəlxalq konfranslara məqalələr hazırlayıb göndərmişlər.Həmçinin elmi şöbələr illik plan işləri və kitablar üzərində çalışırlar.
Elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Ramilə Dadaşovanın mart ayında Ankarada “Avrasiya incelemeleri” dərgisində“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü: hərbi əsirlərin və girovların hüquqlarının pozulması” adlı məqaləsi çap olunmuşdur. Ermənişünaslıq şöbəsinin müdiri, t.e.d. Qasım Hacıyevin Fransanın Paris şəhərində keçiriləcək beynəlxalq konfrans üçün göndərdiyi“Azərbaycanın maddi və mənəvi mədəniyyəti tarixindən” məqaləsi qəbul olunub.
Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə tərəfindən yazılmış “31 mart 1918-ci ildə Azərbaycanda nə baş verib? Hadisələr və onların nəticələri..” adlı məqaləsi bolqar dilində Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat üzrə Ali Məktəbinin Qara Dəniz və Xəzər Dənizi regionunun Problemləri üzrə Mərkəzi tərəfindən nəşr olunmuşdur. Sözü gedən məqalə Bolqarıstanda böyük maraq doğurmuş, material həmçinin bu ölkənin aparıcı informasiya agentliklərindən olan “Focus” agentliyinin internet səhifəsində və “Azad Millət” (“Свободен народ”) onlayn xəbər portalında dərc edilmişdir. “Focus” agentliyinin internet səhifəsinin “31 mart günü dünya tarixində” adlı bölməsində də 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə məlumat verilmişdir. Bundan əlavə, məqalə “KırcaaliHaber” qəzetinin internet buraxılışı və www.bghaber.org portalının internet səhifələrində bolqar və türk dillərində əks olunub.
Hazırda 2019-cu ildə keçirilən Qafqazşünasların İkinci Beynəlxalq forumunun materialları nəşriyyat üçün hazırlanır. Həmçinin, institutunun elektron jurnalı (www.jcs.az) fəaliyyətini davam etdirir və məqalələr toplanılır.