20 Yanvar hadisəsinə həsr olunmuş dəyirmi masa
Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclası açdıqdan sonra o, 20 Yanvar faciəsinin xalqın tarixində qanlı və eyni zamanda qəhrəmanlıq, şərəf səhifəsi kimi yazıldığını qeyd etmiş, baş verən siyasi proseslərdən bəhs edərək, faciənin əsas səbəblərinə toxunmuşdur. Bildirmişdir ki, yalnız ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və törədilən bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Sonrakı illərdə Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət vermişdir. İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Ramilə Dadaşova, dəyirmi masada çıxış edən Ermənişünaslıq şöbəsinin müdiri, t.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dos. Vahid Ömərov, institutun əməkdaşı Məzahir Sadıxov baş verən hadisənin Azərbaycan xalqına qarşı törədilmiş cinayət və açıq təcavüz olduğunu, həmçinin dünya dövlətlərinin bu hadisəyə verdiyi qiymətdən bəhs etmişdirlər.