"Qafqazda terror" mövzusunda respublika elmi konfransı keçirilib

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Konfransı giriş sözü ilə açan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı diqqətə çatdırıb ki, Qafqaz həssas siyasi duruma malik regiondur. Qafqaz, eyni zamanda, terror hadisələri, risklər və təhdidlərlə doludur. Regionda münaqişələrin öyrənilməsi davamlı olmalıdır.
Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun yarandığı qısa müddət ərzində bu sahədə apardığı işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, alimlərimiz Qafqaz regionunun geosiyasətinə, region dövlətlərində cərəyan edən hadisələrə, ictimai-siyasi, iqtisadi proseslərə, bu ölkələrin qarşılıqlı münasibətlərinə, terrorizmə dair elmi tədqiqatlar aparıb, dəyərli əsərlər ortaya qoyublar. Müstəqil Azərbaycan dövləti Qafqazda sülhün, sabitliyin, multikulturalizmin bərqərar olması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan “Şimal-Cənub” nəqliyyat dəhlizi bu düşünülmüş siyasətin daha da dərinləşməsinə xidmət edir.O bildirib ki, konfrans Qafqazdakı problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından da əhəmiyyətlidir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova qeyd edib ki, Qafqazda terror dünya ictimaiyyətini dərindən maraqlandırır. Qafqazda terrorun tarixi uzundur. Bu gün Qafqazda terror Azərbaycan üçün daha aktualdır, çünki biz erməni terroru ilə dəfələrlə qarşılaşmışıq.
O bildirib ki, Qafqaz regionu həm də dünyanın strateji xəritəsində önəmli rola malikdir. Bu region dünyada balanslaşdırmanın qorunmasında əhəmiyyətli rol oynayır.
Nərgiz Axundova konfransın qarşısına qoyduğu məqsədə nail olacağına inandığını diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra professor Musa Qasımlı “1903-1904-cü illərdə erməni siyasi terror təşkilatlarının Cənubi Qafqazda Çar Rusiyası hakimiyyət orqanlarının rus və gürcü mənşəli nümayəndələrinə qarşı terroru (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib.
Akademik məruzəsində bildirib ki, Rusiya arxivlərində saxlanılan ən mötəbər mənbələrə görə, erməni siyasi terror təşkilatları yalnız azərbaycanlılara, türklərə və digər müsəlman xalqlarına qarşı deyil, Cənubi Qafqazda çar hakimiyyətinin rus və gürcü mənşəli nümayəndələrinə qarşı da törədiblər.
Musa Qasımlı vurğulayıb ki, erməni terror təşkilatlarının fəaliyyətində erməni kilsəsi mühüm rol oynayırdı. Bütün imperiya ərazisində yazışmalar rus dilində aparıldığı halda erməni kilsəsi dövlət müəssisələri ilə yazışmaları erməni dilində aparırdı, kilsə pullarını istədiyi kimi xərcləyir, hərc-mərclik yaradırdı. Erməni kilsəsi erməni terror təşkilatları ilə sıx bağlı idi.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.



Bölmələr: Xəbərlər / Konfranslar / Foto qalareya

Rəy bildir