Musa Qasımlının monoqrafiyası Türkiyədə nəşr edilib

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Azərbaycan, Ermənistan və Türkiyə: gerçək tarix axtarışı (1920-1994)” adlı kitabı Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Atatürk Araşdırma Mərkəzi tərəfindən Diyanət Vəqfi mətbəəsində nəşr edilib. 1500 tirajla, nəfis tərtibatla nəşr edilən 642 səhifəlik monoqrafiyada Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan və digər ölkələrin ən mötəbər arxiv materialları əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ muxtar vilayətini yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücum, XX əsrin 20-30-cu illərində xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri, Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi, bunlar baş tutmadıqda azərbaycanlıların tarixi   torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına xaricdən gətirilən ermənilərin yerləşdirilmələri, erməni diasporasının və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və anti-türk fəaliyyətləri, uydurma “erməni soyqırımı” məsələsinin gündəliyə gətirilməsi, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirtmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanılması, gedişi və nəticələri araşdırılmışdır. 

Kitab Türkiyə türkcəsinə hüquq üzrə fəlsəfə doktoru Əli Əsgər və filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Qasımlı-Mustafayeva tərəfindən çevrilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına yazılmış bu əsər əvvəllər Bakıda və Moskvada Rusiya Mədəniyyət Fondunun nəşriyyatında çap olunub.



Bölmələr: Xəbərlər / Xəbər arxivi

Rəy bildir