Xarici ölkə alimlərinin Qafqazşünasların II Beynəlxalq Forumu barədə təəssüratları
Xarici ölkələrdən olan alim və tədqiqatçılar II Beynəlxalq Forumla bağlı təəssüratlarını müxtəlif kütləvi informasiya vasitələri ilə bölüşüblər.
İbrahim Ethem Atnur: Azərbaycanda iqtisadi inkişafla yanaşı, yüksək elmi inkişaf da müşahidə olunur
Azərbaycanda iqtisadi inkişafla yanaşı, yüksək elmi inkişaf da müşahidə olunur. Qafqazşünasların II Beynəlxalq Forumunun Bakıda təşkil olunmasını bu elmi inkişafın nəticəsi kimi qiymətləndirirəm.
Bu fikri AZƏRTAC-a müsahibəsində Atatürk Universitetinin tarix şöbəsinin professoru İbrahim Ethem Atnur deyib. O qeyd edib ki, forumda “Ermənistanın Naxçıvan Muxtar Respublikasına hücumları və Türkiyənin mövqeyi” mövzusunda məruzə edəcək.
“Ümid edirəm ki, dünya qafqazşünaslarını bir araya toplayan bu forum elmi biliklərin mübadiləsinə öz töhfəsini verəcək”, – deyə professor bildirib.
Numan Aruç: Qafqazşünasların II Beynəlxalq Forumu zamanında və yerində təşkil olunub
Bu fikri AZƏRTAC-a müsahibəsində Makedoniya Elmlər və Sənətlər Akademiyasının professoru Numan Aruç deyib. O bildirib ki, 2 gün davam edən forumda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, regionda baş verən münaqişələr, terror, xalqlar və dövlətlərin qarşılıqlı münasibətləri, böyük dövlətlərin Qafqaza dair siyasəti müzakirə edilib.
Professor deyib: “Çox təəssüflər olsun ki, dünya hələ də ermənilərin yalanlarına inanır. Biz də elm adamı olaraq Qafqazın yarasına çevrilən erməni terrorizmini, onun regionda törətdiyi nəticələri bir daha dünyaya çatdırmağa, məsələnin həlli yolunu tapmağa çalışdıq. Ümid edirəm ki, forum gözlənilən nəticələri doğruldacaq”.
Riçard Danakari: Erməni terrorizmi bütün Qafqaz regionunun inkişafına öz mənfi təsirini göstərir
Bu fikri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Rusiya Akademiyasının Volqoqrad İnstitutunun fəlsəfə və sosiologiya kafedrasının professoru Riçard Danakari deyib.
O bildirib ki, Qafqaz regionunda vacib məsələlərdən ən birincisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır. Qarabağ problemi, erməni terrorizmi bütün Qafqaz regionunun inkişafına öz mənfi təsirini göstərir.
“Forumda Qafqaz siyasəti, regionda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və Qafqaz regionunda olan digər problemlər elmi səviyyədə müzakirə olunur. Ümid edirəm ki, forum qafqazşünaslığın problemlərinin beynəlxalq arenaya çatdırılmasında mühüm rol oynayacaq”, – deyə alim qeyd edib.
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
O bildirib ki, Rusiyada qafqazşünaslığa regional elm kimi baxırlar. Bu sahə vacib, prioritet hesab olunmur. Amma Azərbaycanda qafqazşünaslığa ciddi beynəlxalq elm kimi yanaşılır. Bugünkü foruma təkcə Qafqaz ölkələrinin nümayəndələri deyil, dünya qafqazşünasları toplaşıblar. “Forum qafqazşünas alimlərin bir-birini daha yaxından tanımasına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli əməkdaşlıq etmələrinə yardımçı olacaq. Qafqazşünas alimlər öz ölkələrində həmişə auditoriya tapmırlar. Bu forum qafqazşünasların beynəlxalq dialoqunun qurulmasında mühüm rol oynayacaq”, – deyə rusiyalı tarixçi vurğulayıb.