Qafqazşünasların II Beynəlxalq Forumu başlayıb
Mayın 23-də AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu işə başlayıb.
İki günlük forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, İran, Qazaxıstan, Belarus, Özbəkistan, Şimali Makedoniya, Ukrayna və Gürcüstandan olan tanınmış alim və tədqiqatçılar iştirak edir.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə beynəlxalq tədbirin əhəmiyyətini önə çəkərək bildirib ki, akademiyanın təşəbbüsü ilə ikinci dəfədir ki, keçirilən forumda alim və mütəxəssislərin, eləcə də təqdim olunan məruzələrin sayı xeyli dərəcədə artıb. Bu da Qafqaz tarixi və qafqazşünaslıq elminin öyrənilməsinə göstərilən böyük marağın sübutudur.
Akademik A.Əlizadə dünyanın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan kimi müxtəlif ölkələrində Qafqaz problemlərinin öyrənilməsi ilə məşğul olan çoxsaylı alimlərin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu gün Bakı qafqazşünaslıq üzrə tədqiqatların aparılması istiqamətində əsas mərkəzlərdən birinə çevrilmişdir.
Qafqazın bütün dövrlərdə öz gözəlliyi ilə həm adi insanlar, həm də alim və tədqiqatçıların maraq dairəsində olduğunu deyən AMEA rəhbəri məhz bu səbəbdən Qafqaz problemlərinin həllinə yönələn tədqiqat işlərinin ildən-ilə artdığını söyləyib. O, Puşkin, Lermontov, Hüseyn Cavid kimi böyük yazarların öz əsərlərində dəfələrlə zəngin və gözəl təbiətə malik Qafqazdan bəhs etdiklərini vurğulayıb.
Alim Qafqazın dünya siyasət meydanında da hər zaman fəal iştirak etdiyini qeyd edərək, ulu öndər Heydər Əliyevin “Qafqaz böyük dövlətlərin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir” fikrini xatırladıb.
A.Əlizadə Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ərazimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının daimi yaşayış yerlərindən didərgin salındığını deyib. Bildirib ki, Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır. Alim tədbirdə iştirak edən alim və mütəxəssisləri bu kimi problemlərə obyektiv yanaşmağa və onların həlli ətrafında öz səylərini birləşdirməyə çağırıb.
AMEA prezidenti çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin dünyada, o cümlədən Qafqazda sülh, sabitlik və inkişafın təmin olunması üçün ardıcıl olaraq iş apardığını, məqsədyönlü siyasət həyata keçirdiyini deyib. Bildirib ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi iqtisadi-siyasi cəhətdən əhəmiyyətə malik olan layihələrin hər birinin Qafqaz və region dövlətləri əhatə etməsi Azərbaycanın apardığı məqsədyönlü regional siyasətin nəticəsidir.
“Ölkəmizdə həyata keçirilən siyasi proseslərin işığında Qafqaz haqqında tədqiqatları genişləndirmək, sistemləşdirmək alimlərimiz qarşısında duran əsas vəzifələrdəndir”, – deyən İsa Həbibbəyli AMEA-nın Qafqazşünaslıq İnstitutunda aparılan tədqiqatların sistemli və kompleks xarakter almasının zəruri olduğunu deyib.
Alim bildirib ki, qısa müddətdən sonra artıq ikinci dəfə bu beynəlxalq forumun Bakıda keçirilməsi, region dövlətlərin hər biri üçün maraqlı olan qafqazşünaslığa Azərbaycan elminin, AMEA-nın sanballı töhfəsidir: “Hesab edirəm ki, elmi cəhətdən qiymətli olan konfrans materialları Azərbaycan qafqazşünaslığının fundamental əsaslarını və strategiyasını təşkil edir. Təqdim olunacaq məruzələr Qafqaz ölkələrinin ən aktual problemlərinin həllinə yönəlmişdir”.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova forum çərçivəsində müxtəlif mövzularda müzakirələrin aparılacağını söyləyib. O, tədbirin sonunda müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Bildirib ki, forum Qafqaz tarixinin öyrənilməsində yeni səhifələrin açılmasına, innovativ ideyaların irəli sürülməsinə təkan verəcək. Eyni zamanda, görkəmli alimlərin birgə fəaliyyəti nəticəsində Qafqaz ölkələrində yaşayan xalqlar arasında qarşılıqlı anlaşma sürətlənəcək, dostluq münasibətləri daha da möhkəmlənəcək.
N.Axundova bu kimi tədbirlərin həm azərbaycanlıların öz tarixini yenidən dərk etməsinə, həm də ölkəmizin dünya tarixində rolunun və yerinin müəyyənləşməsinə müsbət təsir edəcəyini vurğulayıb.
Çıxışlardan sonra akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən plenar iclasda Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edib.
Alim Qafqazşünaslıq İnstitutunda Qafqazın daha çox siyasi-ictimai və beynəlxalq münasibətlər müstəvisində öyrənildiyini qeyd edib. Bildirib ki, bu gün qafqazşünaslığın ABŞ-dan Çinə, Yaponiyaya qədər bütün ölkələrdə onlarla mərkəzi fəaliyyət göstərir.
M.Qasımlının sözlərinə görə, Qafqazın geosiyasi mövqeyi, Şərqlə Qərb arasında körpü rolunu oynaması, eləcə də Böyük İpək yolunun üzərində yerləşməsi bu regionun öyrənilməsinə göstərilən böyük marağın əsas səbəblərindəndir.
“Bu gün zəngin təbii sərvətlərə və kifayət qədər beynəlxalq nüfuza malik olan Qafqazın başlıca problemi terrordur”, – deyən M.Qasımlı Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələrinin aradan qaldırılmasının həlli vacib olan məsələlərdən olduğunu diqqətə çatdırıb.
Forum öz işini 24 bölmədə davam etdirib. Bölmələrdə “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Xatırladaq ki, Qafqazşünasların I Beynəlxalq Forumu 2017-ci ildə keçirilib.
Bölmələr: Xəbərlər / Simpoziumlar / Xəbər arxivi