“Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa

7 may tarixində  Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. O, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının xalqımızın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.M.Qasımlı həmçinin Ümummilli lider Heydər Əliyevin 70-ci illərin əvvəllərində Suriyaya səfəri və orada Nəsiminin məzarını ziyarət etməsindən danışıb və bildirib ki, Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyləri ilə şairin 600 illik yubileyi keçirilib və YUNESKO-da qeyd edilib.
Daha sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini t.ü.f.d. Ramilə Dadaşova Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsimi haqqında yazılan əsərlərdən danışıb. Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov hürufizm və onun banisi olan Nəsiminin yaradıcılığından bəhs edib. Ermənişünaslıq şöbəsinin müdiri t.ü.e.d. Qasım Hacıyev Nəsiminin Hələb şəhərindəki qəbrini ziyarət etməsi haqqında xatirələrini danışıb.Şimali Qafqaz şöbəsinin müdiri i.e.ü.f.d. Liliya Mirzəzadə Nəsiminin dünyaya tanıdılmasında Heydər Əliyevin böyük rolundan bəhs edib.


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir