“Elm günü”nə həsr olunmuş seminar
18 mart tarixində Qafqazşünaslıq İnstitutunda “Elm günü”nə həsr olunmuş “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda elmi seminar keçirilmişdir. Məruzə ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış etmişdir. O, Qafqazşünaslığın aktual problemlərini geniş təhlil etmişdir.
Sonra icmal məruzələr dinlənilmişdir. İnstitutun əməkdaşı Samirə Həbibbəyli “Siyasi elm və faydalandığı elm sahələri” mövusunda çıxış etmişdir. O, siyasi elmin fəlsəfə, hüquq, tarix, sosiologiya, iqtisadiyyat, coğrafiya, diplomatika, informatika və s. elmlərlə əlaqəsinin olduğunu, onlardan necə faydalana biləcəyi haqqında danışmışdır.
İnstitutun Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadə “Siyasi tədqiqatlarda mənbələr” mövzusunda çıxışında mənbələrin təsnifatı, tədqiqatçının tədqiqat prosesi üçün zəruri hazırlıqları, arxiv sənədləri üzərində iş, mənbələrin və sənədlərin zahiri və daxili tənqidi, siyasi tədqiqatlarda dövri mətbuat materiallarının əhəmiyyəti və onlardan düzgün istifadə qaydaları, siyasi tədqiqatlar üçün qrafik mənbələrin (xəritələr, ərazi planları, sərhəd xəttləri, deilmitasiya və demarkasiya sxemləri), təsviri, audio, audiovizual mənbələrin əhəmiyyəti və istifadəsi qaydaları haqqında məlumat vermişdir.
İnstitutun Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Siyasi tədqiqatların metodları” mövzusunda çıxış etmişdir. Məruzədə o, Beynəlxalq münasibətlər nəzəriyyəsində ümumi və tətbiqi metodlardan necə istifadə olunması, tətbiqi metodların növləri haqqında və onların təhlilini müxtəlif nümunələr əsasında seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyeva “Siyasi tədqiqatlara dair əsərlərin yazılma qaydası” mövzusunda çıxışında elmi məqalənin yazılması üçün hansı işlərin mərhələli şəkildə görülməsi, xülasənin necə yazılması barədə geniş məlumat vermişdir.
Sonda mövzu ətrafında geniş müzakirələr olmuşdur. Seminarda İnstitutda istehsalat təcrübəsi keçən tələbələr iştirak etmişdir.