Xocalıda Ermənistanın törətdiyi soyqırımının 27-ci ildönümünə həsr edilmiş dəyirmi masa
AMEA Qafqazşünaslıq İnstitutunda Xocalıda Ermənistanın törətdiyi soyqırımının 27-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış edərək bildirmişdir ki, Xocalıda Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət törətmişdir. O, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin, tanıdılmasında isə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərindən bəhs etmişdir.
Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini t.ü.f.d., dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri t.ü.e.d. Qasım Hacıyev, İnstitutun əməkdaşı Məzahir Sadıxov BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri, bir sıra ölkələrin qanunverici orqanlarının bu soyqırımına hüquqi-siyasi qiymət vermələri haqqında çıxış etmişlər.