Nəsibə Mirzəyeva. Gürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?

Nəsibə Mirzəyeva,
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı

Gürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?

Gürcüstanda kilsələrin yaranma tarixindən.

Məlum olduğu kimi, abidələr tarixlə ünsiyyət vasitəsidir. O, xalqın dünəni, bu günü, sabahıdır. Gürcüstanda ilk tarixi-memarlıq abidələrinin meydana gəlməsi xristianlıqla sıx bağlıdır. IV əsrdə xristianlıq Gürcüstanın dövlət dini elan olunur və məhz bu amil yeni xristian mədəniyyətinin formalaşmasına təsirini göstərir. Bununla yanaşı, təhsildə, fəlsəfi düşüncədə, incəsənətdə də xristianlığın izi özünü biruzə verir. V əsrin II yarısında Vaxtanq Qorqasali tərəfindən ilk monastrların inşası üçün əmr verilib. Kilsə və monastrların inşası kütləvi şəkildə yalnız VI əsrdə suriyalı rahiblərin gəlişindən sonra artmağa başlayır. İlk dövrlərdə gürcü provoslav kilsəsi yunan kilsəsinə tabe idi. V əsrdə V.Qorqasalinin Msxetada yepiskopu dəyişməsi ilə Kartli kilsəsi faktiki olaraq azadlıq (avtokefaliya) əldə edə bilir. Gürcüstanda ən qədim kilsə nümunəsi V əsrdə inşa olunmuş və Kaxetiyada yerləşən Qədim Şuamta məbədidir. Ondan sonra 478-493-cü illərə aid edilən Bolnisi Sioni, Urbnisi, Tbilisis Ançisxati, Nekresi kimi məşhur və ta qədimdən bəri dini mərkəzə çevrilən kilsələrin adını çəkə bilərik.
Bu gün regionda mədəniyyət abidələrinin kimə məxsus olması məzmununda erməni və gürcülər arasında anlaşılmazlıq mövcuddur. Belə ki, Gürcüstanda fəaliyyət göstərən ermənilər gürcülərin kilsə və monastrlarını heç bir əsas olmadan özününküləşdirməyə çalışırlar. Erməni lobbisinin burada əsas məqsədi bütün vasitələrdən istifadə etməklə gürcü kilsələrini erməni kilsələrinə çevirməkdir. Buna bariz nümunə kimi dini fəaliyyətdən daha çox siyasi istiqamətdə fəaliyyət göstərən Erməni Apostol Kilsəsinin rəhbəri yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məktubunda Gürcüstanın 442 kilsəsinin erməni kilsəsi olduğu haqqında iddiasıdır.2 Eçmiədzin kilsəsi bu vaxta qədər Gürcüstanın 5 kilsəsinə iddia edirdisə, indi bu rəqəm dəfələrlə artıb. Üstəlik əsassız iddialar sırasında vaxtilə ermənilər tərəfindən ələ keçirilib adları dəyişdirilmiş, Tbilisidə yerləşən Noraşen və Surb Nşan kilsələri də var. Surb Nşan məbədinin VI Vaxtanqın atası Leonun hakimiyyəti zamanı inşa olunduğu güman edilir. P.İoseliani kilsənin provoslav kilsəsi olduğunu və tarixən Müqəddəs Nikolay adlandırıldığını bildirib. Ermənilər sonradan kilsənin adını dəyişərək Surb Nşan yəni, müqəddəs nişanə qoyublar. Bu kilsənin erməniləşdirilməsinə səbəb 1703-cü ildə onun bərpasını öz öhdəsinə götürən erməni Melik Kiork adlı şəxs olub. Üstəlik məlumdur ki, Kiorkdan əvvəl atası Aslamaz, ondan da əvvəl babası Amiran tərəfindən onun bərpası icra edilib.

Məqaləni aşağıdakı linkdən yükləyə və oxuya bilərsiniz::
Скачать файл: gurcu-kilselerinin-ermenileshdirilmesi.pdf [354.71 Kb] (cкачиваний: 19)
Посмотреть онлайн файл: gurcu-kilselerinin-ermenileshdirilmesi.pdf
Bölmələr: Elmi məqalələr

Rəy bildir