Aprel döyüşləri: gerçəkliklər və dərslər - Prof.Dr. Musa Qasımlı

Musa Qasımlı,

 millət vəkili,  AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, 

professor

 Aprel döyüşləri: 

gerçəkliklər və dərslər 

***

   Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar ölkə tərəfindən 2016-cı ilin 1-5 aprel tarixlərində törədilən təxribata qəhrəman ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən strateji əhəmiyyət daşıyan Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılmasından, silahlı qüvvələrimizin on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanmasından, arxadakı ərazilərin təhlükəsizliyinin təmin edilməsindən, təsərrüfat işləri üçün əlverişli şərait yaradılmasından, işğalçı ölkənin 200-ə yaxın hərbçisinin gəbərdilməsin və çoxsaylı texnikasının məhv edilməsindən bir il keçir. Ötən bir ilin zirvəsindən Azərbaycanın aprel qələbəsi necə görünür? Onun hərbi-texniki, diplomatik-siyasi, mənəvi-psixoloji əhəmiyyəti nədir? Alınan dərslər nədən ibarətdir?

Aprel döyüşləri nəyi göstərdi?

     Azərbaycan üçün təkcə hərbi-texniki deyil, eyni zamanda diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan aprel qələbəsinin müxtəlif tərəfləri haqqında çox yazmaq olar. Fikrimizcə, bu qələbə ilk növbədə aşağıdakı prinsipial məsələləri bir daha isbat etdi. Azərbaycan dövləti  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışan təcavüzkar Ermənistana ciddi qulaqburması verdi, layiq olduğu yeri göstərdi və dəfələrlə güclü olduğunu nümayiş etdirdi. Bir daha əmin olundu ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir, hər an böyük hərbi əməliyyatlar başlaya bilər. Böyük bir müharibə qaçılmaz olar və bütün regionda daha ağır fəsadlar törədər. Bunun da bütün məsuliyyəti təcavüzkar ölkənin və ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşər. Mövcud status-kvo dəyişdirilməlidir. Yəni, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan işğalçı ordular çıxarılmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Ona görə də Minsk qrupunun həmsədrləri onlara verilmiş mandata uyğun olaraq hərəkət etməli və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün səylərini artırmalıdırlar.

     Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və milləti öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcəkdir. Buna qadirdir.

    Qələbə Azərbaycan dövlətinin hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair cənab Prezident İlham Əliyevin siyasətinin düzgünlüyünü göstərdi. Dövlət büdcəsində müdafiə xərclərinin ən çox olmasının zəruriliyi bir daha təsdiq edildi.

    İşğalçı ölkə ordusunun “məğlubedilməziliyi”  haqqında uzun illər boyu erməni cəmiyyətinə yalan təbliğat yolu ilə sırıdılmış uydurmalar Azərbaycan ordusu tərəfindən apreldə qısa bir müddət ərzində “sabun köpüyün”nə çevrildi. İşğalçı ordunun mövqeləri bir anda darmadağın edildi. Bu bir daha göstərdi ki, Azərbaycan ərazilərinin işğal altında qalması müvəqqətidir, işğala son qoyulacaqdır, ordumuz bu vəzifəni yerinə yetirməyə qadirdir. Qələbə eyni zamanda, Azərbaycan hərb sisteminin, hərbi kəşfiyyatının işğalçı ölkənin hərb sistemindən və kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan əsgər və zabitinin döyüş ruhunun yüksəkliyini və qəhrəmanlığını göstərdi. Azərbaycan əsgəri mərdliyini, mübarizliyini və döyüşkənliyini ortaya qoymaqla bir qəhrəmanlıq məktəbi yaratdı.

      Aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, təcavüzə son qoyulması məsələsində Azərbaycan milləti və dövlətinin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasətini birmənalı olaraq müdafiə edirlər və onun yanındadırlar.

     Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi. Korrupsiya bataqlığında olan işğalçı ordunun rəhbərliyindən generallar və digər yüksək rütbəli zabitlər işdən qovuldu. Bu, rüsvayçı bir hadisə idi. Azərbaycanın qələbəsi cinayətkar Sarkisyan rejimi ilə erməni ünsürü arasında olan uçurumu daha da dərinləşdirdi.

      Bu qələbə erməni cəmiyyətinin mənəvi-psixoloji böhranını dərinləşdirdi. Ölkəni hakmiyyət əleyhinə mitinqlər bürüdü. Erməni əsgərinin anası öğlunun başqa dövlətin ərazisində nə üçün öldüyünü Sarkisyan rejimindən daha çox soruşmağa başladı. Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində nəinki işğal edilmiş ərazilərdən, o cümlədən Ermənistandan adamlar qaçmağa başladılar. Lakin  aprel döyüşləri göstərdi ki, Azərbaycan dinc sakinlərə qarşı deyil, ərazilərinin işğaldan azad edilməsi üçün döyüşür.

     Aprel döyüşlərində qələbə Azərbaycan üçün yeni bir şərait yaratdı.Dövlətimizin nüfuzu daha da artdı və beynəlxalq mövqeləri gücləndi. Bir daha təsdiq etdi ki, diplomatiya gücə arxalanmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi. Belə ki, ATƏT Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edir, mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə ümumi rəy bildirirlər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının artıq çatmasına və bundan sonra mövcud status-kvonun saxlanmasının mümkünsüzlüyünə dair açıq mesajlar oldu.

              Alınan ibrət dərsləri

       Ordumuzun aprel qələbəsi geriyə baxmağımıza və torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa  bizi vadar etdi. Aydın şəkildə göstərdi ki, torpaqlarımız dövlətimiz zəif və daxildə qarışıqlıq, sabitsizlik olduğu zamanlarda işğal edilib. Hamı əmin oldu ki, əgər dövlətimiz güclü olmasaydı, apreldə qələbə də qazanılmazdı. Deməli, Azərbaycanda xalq və hakimiyyət  arasında sıx birlik və dövlətimiz güclü olduğu zaman istənilən problemi uğurla həll etmək mümkündür. Bundan sonra da dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da gücləndirilməli, millətimiz daim öz dövlətinin yanında  yer almalı, ölkədə sabit, davamlı inkişaf olmalıdır.

                                        Şəhidlər ölməz, Vətən bölünməz!

       Aprel döyüşlərində şəhidlər də verdik. Hamı yaxşı bilir ki, Vətən torpağı şəhid verilmədən azad olunmaz. Haqq işimiz uğrunda bizim hər birimiz şəhid olmağa hazırıq. Şəhidlər o zamana qədər əgər yalnız bir ailənin, kəndin və qəsəbənin tanıdıqları idisə, indi onlar bütün millətimizin övladlarıdır. Onların məzarları hər birimizin and yeridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar öz qəhrəmanlıqları ilə bir nümunə göstərdilər. Bir daha təsdiq etdilər ki, Azərbaycan dövləti nəyin bahasına olursa-olsun təcavüzkarı  qovacaq və işğal altında olan bütün torpaqları azad edəcəkdir.

     Şəhidlər ölməz! Vətən bölünməz!

 

Bölmələr: E-kitabxana / Elmi məqalələr

Rəy bildir