Bakı, 31 mart 1918-ci il: tarix - olduğu kimi - Prof.Dr. Musa Qasımlı

Bakı, 31 mart 1918-ci il:

tarix - olduğu kimi

 

***

Erməni dairələri Birinci dünya müharibəsinin gedişində Anadoluda ermənilərə qarşı guya soyqırım törədildiyini heç bir tarixi əsas olmadan söyləyirlər. Əslində soyqırımı kim törədib? Türklər, yoxsa ermənilər? 1918-ci il 31 martda Bakıda baş verən qanlı hadisələr əsl soyqırımı kimlərin törətdiyini aydın şəkildə göstərir.

Şəraitə qısa baxış

Birinci dünya müharibəsinin gedişində Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən və rus Qafqaz cəbhəsi dağıldıqdan sonra Anadoluda törətdikləri soyqırımlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri ordu ilə birlikdə Cənubi Qafqaza gədli. Bu zaman regionda anarxiya hökm sürürdü. Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında-indiki Ermənistan Respublikasında, Borçalıda və indiki Azərbaycan Respublika ərazisində törətdilər. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin  martında oldu. Martın 30-da  axşamüstü S. Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırıma başlandı.

Soyqırımın səbəbləri

Soyqırımın törədilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini,  həmçinin Bakını işğal edib tərkibinə daxil etmək üçün guya Bakının başqa bir mədəniyyət, Azərbaycanın isə tamam başqa olduğunu bildirirdi. “Bakı və Azərbaycan” ifadələri dövriyyəyə gətirilmişdi. Bolşeviklər Bakı şəhərini və Abşeron yarımadasını əldən vermək istəmirdilər.   

 İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün  böyük əhəmiyyət daşıyırdı. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi  idi. Heç əbəs deyildir ki, 1918-ci il mart ayının ikinci yarısında V. İ. Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R. Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir" sualına "Bu – neft, işıq və enerjidir", – deyə cavab vermişdi<!--[if !supportFootnotes]-->[1].

 

Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Bu zaman Cənubi Qafqazda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola  nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bolşevik Rusiyası bu yolu heç bir dövlətə verməyi düşünmürdü.

 

Qırğınların törədilməsinin digər bir səbəbi  Osmanlı dövlətinin, əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya  buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri azərbaycanlı idi.

 

Bakıda soyqırımın törədilməsinin səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Azərbaycanlılar fevral inqilabından sonra əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.

 

 Əvvəlki əsrlərdə isti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra çarizm Cənubi Qafqaza erməniləri yerləşdirməklə təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda onlardan Şərq siyasətinin həyata keçirilməsində bir vasitə kimi yararlandı. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi.

 

1917-ci ilin noyabrında Bakıda S. Şaumyan başda olmaqla sovet hakimiyyətinin qurulduğu elan edildi. Bu, azərbaycanlıların əleyhinə olan bir hökmranlıq idi. Sovet rəhbəri V. İ. Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.

 

Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, yox idi.

 

Bəhanə

 

Soyqırımı törətmək üçün bəhanə də tapıldı. S. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının motroslarını azərbaycanlılara qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Azərbaycan diviziyasında, Lənkəranda xidmət edən və həlak olan oğlu Məhəmmədin cənazəsini "Evelina" gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Soveti tərəfindən tərksilah etməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik rəhbəri S. Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.

 

Artıq qeyd edildiyi kimi, martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə Bakıdakı erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S. Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi<!--[if !supportFootnotes]-->[2]. 

 

Soyqırımın həyata keçirilmə 

 

üsulları

 

Soyqırım qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su quyularına, yanar təndirlərə, neft quyularına atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”<!--[if !supportFootnotes]-->[3]. 

 

Azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları hadisələrin gedişində dağıdıldı. "Açıq söz", "Kaspi" qəzetlərinin redaksiyaları,  fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı<!--[if !supportFootnotes]-->[4]. Təzəpir məscidinin minarələri zədə aldı.

 

Qüvvələr bərabər olmadığı üçün azərbaycanlılar martın 31-də döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Döyüş yalnız aprelin 2-də dayandırıldı.

 

Soyqırımın nəticələri:

 

avropalılar və amerikalılar nə dedilər?

 

  Bakıda törədilən soyqırımın ağır nəticələri oldu. Bu hadisə Böyük Britaniya arxiv sənədlərində əksini tapmışdır. İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər<!--[if !supportFootnotes]-->[5]. Digər bir mənbədə yazılır ki, Bakıda azərbaycanlıların dörddə biri öldürüldü. Bu zaman Bakıda təqribən 280-300 min əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizm tərəfindən müstəmləkə siyasətini həyata keçirmək üçün köçürülmüş şəxslər idi. Deməli, bu qədər azərbaycanlı əhalidən öldürülənlərin dörddə biri 20-25 min nəfər edir.

 

ABŞ mənbələrində də martda törədilən soyqırım haqqında məlumatlar vardır. ABŞ-ın sonralar regiona göndərdiyi Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər<!--[if !supportFootnotes]-->[6]. Bu sənəd əslində soyqırımın olduğunu təsdiq edir, lakin öldürülən azərbaycanlıların sayı az göstərilir. Bu da səbəbsiz deyildir. Çünki Harbord missiyasına məlumat verənlər əsasən ermənilər idi. 

 

 İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər<!--[if !supportFootnotes]-->[7]. Martda törədilən qırğından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi<!--[if !supportFootnotes]-->[8].

 

ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar.

 

Azərbaycanın digər ərazilərində törədilən

 

 soyqırımlar

 

 Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində - Quba, Şamaxı, Lənkəran, Salyan, Kürdəmir, Dəvəçi, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında və b. yerlərdə də azərbaycanlılara qarşı törədildi. Məsələn, Qubarda 2 min adam öldürüldü. Şamaxıda şəhər və 72 kənd yandırıldı. Bütövlükdə təqribən 50 min nəfər öldürüldü. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı<!--[if !supportFootnotes]-->[9].

 

Soyqırımı törədənlər istəklərinə

 

 nail ola bildilərmi?

 

Martda Bakıda törədilən soyqırım azərbaycanlıların iradəsini qıra bilmədi. Azərbaycan xalqının istiqlal mübarizəsi yolunu kəsmək mümkün olmadı. Bu mübarizə  nəticəsini verdi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi.  Azərbaycan hökuməti Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.

 

Azərbaycanın verdiyi qiymət

 

Azərbaycan hökuməti 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu hadisələrin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyanın sədri hüquqşünas Ələkbər bəy Xasməmmədov oldu. Komissiyada A.V.Novatski, N.M.Mixaylov, A.E.Kluqe, V.V. Qudvil və b. kimi rus, yəhudi və digər millətlərin nümayəndələri çalışırdılar.

 

Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı və 1919-cu ilin may ayının sonunda işini başa çatdırdı. Təhqiqat nəticəsində toplanan materiallar 36 cild və 3500 səhifədən ibarət idi. Təkcə Bakıda törədilən soyqırıma dair toplanan materiallar 6 cild və 740 səhifə idi. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Komissiya işini başa çatdırdığı üçün Ədliyyə Nazirliyinin 1919-cu il 12 oktyabr tarixli qərarı ilə fəaliyyətini dayandırdı.

 

31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyi üçün bu iş başa çatdırılmadı.

   31 mart yalnız Azərbaycan xalqının Ümummilli lideri, Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi.

                                                         

1] Газ. “Правда”, 21.04.1918.
2] Шаумян С.Г. Избранные произведения. Т. 2. М., 1978, с. 246. 
3] İsmayılov R. Azərbaycan tarixi. Bakı, 1993, s. 134.  

4] Газ. “Азербайджан”, 1918, 25 октября (9), №15.

5] Bakı.  Aprel 9 th 1918. – FO371/3405/196800.

6] Report of the American military mission to Armenia. May.Gen. James G.Harbord.  1919, p.32.

7] Leonard Ramsden Hartill. Bir ermeninin anılarında Azərbaycan olayları (1918-1922). İstanbul, Hasraş A.Ş. Yayınları, 1990, s. 71.   

8] Nahoylo B., Swoboda V. Soviet Disunion. A History of the Nationalities Problem in the USSR. New York, The Free Press, 1990, p. 45. 

9] Маккарти Дж., Маккарти К. Тюрки и армяне. Руководство по армянскому вопросу. Пер. с англ. Баку, 1996, с. 80. 

 
 
Bölmələr: E-kitabxana / Elmi məqalələr

Rəy bildir