Date of establishment

AMEA Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci iltarixində AMEA-nın ümumi yığıncağının qərarına (№1/16) əsasən yaradılmışdır.

        AMEA Qafqazşünaslıq İnstitutunun qurucu direktoru professor Musa Cəfər oğlu Qasımlı olmuşdur (2015-2024). O, AMEA  Rəyasət Heyətinin 2015-ci il 27 yanvar tarixli 363 saylı qərarı ilə   Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilmişdir. AMEA İctimai Elmlər Bölməsinin 2016-cı il 24 iyun tarixli Ümumi yığıncağında direktor vəzifəsinə seçilmiş, AMEA   Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli 9/31 saylı qərarı ilə direktor vəzifəsinə təsdiq olunmuşdur.

 

      Musa Qasımlı AMEA-nın müxbir üzvü (2017), Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI, VII çağırışlar deputatıdır. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini vəzifəsinə seçilməsi ilə əlaqədar olaraq 2024-cü il oktyabrın 21-də öz xahişi ilə İnstitut direktoru vəzifəsindən ayrılmışdır. Fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 

Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin tədqiqi Musa Qasımlının adı ilə bağlıdır. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Böyük Britaniya, Avstriyada BMT, Çexiyada ATƏT arxivlərində çalışmış və dəyərli əsərlər yazmışdır. 

     ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Şimali Makedoniya, Moldova, Gürcüstan, İran, Şimali Kipr Türk Cümhuriyyəti, Çexiya Respublikası, BƏƏ, İspaniya və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 18 kitabı və nüfuzlu jurnallarda 100-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilmişdir. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunmuşdur. 2024-cü il məlumatına görə, əsərlərinə 55 ölkədə - ABŞ, Çili, Böyük Britaniya, Fransa, İspaniya, Avstriya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Litva, Estoniya, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Türkiyə, İraq, Hindistan, Keniya və b. ölkələrdə 368 dəfə istinad olunmuşdur. H10 indeksinə sahibdir.  Azərbaycanda və xarici ölkələrdə nəşr edilən və maraqla qarşılanan əsərləri ona dünya beynəlxalq münasibətlər tarixi elmi dairələrində şöhrət gətirmiş, görkəmli tarixçi alim olaraq tanıtmışdır.

     1987–2024-cü illərdə 50-dən çox beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov, Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı, Mahaçqala (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Şimali Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. ölkələrdə dəfələrlə etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.

        Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvüdür. "Romanian Euroasian Studies" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi", "Atatürk yolu" (Türkiyə), "Qafqaz i mir" (Gürcüstan), "Evropeyski istoriçhı studii: naukoviy jurnal" və "Amerikanska istoria ta politika: naukoviy jurnal" (Kiyev, Ukrayna) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

       ABŞ-nin Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışmışdır (2004). 

       Rəhbərliyi altında 27 nəfər fəlsəfə doktoru, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə etmişdir. Onların arasında xarici ölkə vətəndaşları da vardır.

         Musa Qasımlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni (28.10.2017), "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı (27.05.2018), Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı (2009), Qazaxıstan Respublikası Elmlər Akademiyasının xatirə medalı (10.11.2017), Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı (2018), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamı ilə " Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (09.07.2019), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (14.08.2019) ilə təltif edilmişdir

Musa Qasımlının İnstituta rəhbərliyi illərində İnstitut əməkdaşlarının Azərbaycanda 51 monoqrafiya və kitabı, 1 dərs vəsaiti, 15 dərs proqramı, xarici ölkələrdə (Türkiyə, ABŞ, Böyük Britaniya, Özbəkistan) 10 kitabı, Azərbaycanda 685 məqalə və tezisi, xarici ölkələrdə 518, internet sayt və qəzetlərdə 763 məqalə yayımlanmışdır. 

İnstitutun əməkdaşları Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda 264, respublika elmi konfranslarında 297, xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda 340 məruzə etmişlər.

Qafqazşünaslıq İnstitutu dünyanın 20-dək ölkəsindən olan qafqazşünas alimlərin iştirakı ilə üç beynəlxalq forum, 3 beynəlxalq konfrans, 10 respublika elmi konfransı keçirmişdir. 2024-cü ildə İnstitutun beynəlxalq H indeksi -25 olmuşdur.