Feyziyeva Günay. Çeçenistanda 1944-cü il deportasiyasının nəticələri

Günay Feyziyeva/Şimali Qafqaz şöbəsi

Çeçenistanda 1944-cü il deportasiyasının nəticələri

                    

1943-1944-cü illərdə Stalin təxminən 700 min əhalini mal-qara vaqonlarında nazilərlə əməkdaşlıq etdikləri bəhanəsilə Mərkəzi Asiya və Sibirə deportasiya edərək bütün etnik qrupları Şimali Qafqazın xəritəsindən silməyə cəhd etmişdir. Alman avansının qabaqcılları Şimali Osetiyadakı Mozdokda dayandı, Çeçenistana çatmadı. Ona görə də çeçenlər nəinki almanlarla əməkdaşlıq etməmiş, heç onların birini belə görməyiblər. [1] 1944-cü il martın 8-də əsgərlər evlərə gələrək qapını döyür, heç bir izahat verilmədən “sizi deportasiya edirik” deyirlər. [2] Çeçenlər dağlara qaçmağa müvəffəq olan və yerli sovet qurumlarına daimi hücumlar edərək, illərdir öz xalqının ölümünün intiqamını almaq istəyən bir neçə yüz adam istisna olmaqla, kütləvi şəkildə deportasiya edildi. Deportasiya olunduqdan sonra beş il ərzində ən az 25% əhali aclıqdan, xəstəlikdən həlak olmuşdur. 1957-ci ilə qədər onlara öz vətənlərinə qayıtmağa icazə verilmirdi.

1956-cı il fevralın 25-də Stalinin ölümündən sonra SSRİ-nin prezidenti seçilən Nikita Xruşşov 20-ci Konqresdə çıxış edir. O, “sürgün edilmiş xalqlar”a istinad edir və çeçenləri xüsusilə vurğulayır. İyulun 1-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti deportasiya olunmuş çeçenlərə tətbiq edilən qanuni məhdudiyyətlərin ləğv edilməsi haqqında sərəncam qəbul edir. Rəyasət Heyətinin qərarı ilə 1957-ci il 8 yanvarda Çeçen-İnquş Muxtar Respublikası yenidən qurulur.

Sürgündən qayıdan çeçenlər bütün evlərin rusdilli əhali və qonşu dağıstanlılar tərəfindən tutulduğunu görürlər. Bir çox çeçen evlərini böyük məbləğdə pul qarşılığında geri almaq məcburiyyətində qalır. Rusdilli əhali çeçenlərin geri qayıtmağına etiraz edir. Buna görə də Groznı şəhərində iğtişaşlar baş vermiş, Xruşovun fərmanının ləğv edilməsi üçün tələblər səsləndirilmişdir. [3] Sovet hakimiyyəti 800 məscidin və 400 mədrəsənin bağlanması ilə islamı Çeçenistandan çıxarmağa cəhd göstərmişdir.

Deportasiyaların ictimaiyyətdə müzakirəsi qadağan olunmuşdur. 1970-ci və erkən 80-ci illərdə sovet hakimiyyəti deportasiyaların onları “texniki təhsil” ilə təmin etməklə çeçenlərə fayda gətirdiyini bildirmişdir.

1978-ci ildə sovet hakimiyyəti 1957-ci ilədək bağlanmış məscidlərin 40-nın yenidən açılmasına icazə vermişdir. [4]

Freedom House-un icraçı direktor müavini Tomas O. Melia [5] bildirib ki, Şimali Qafqazda yayılmış mövcud qeyri-sabitliyin kökləri uzun illər davam edən şiddət və zülmə əsaslanır. “1943-1944-cü illərdə çeçenlər, inguşlar, balkarlar, qaraçaylar və digərlərinin deportasiyası Şimali Qafqaz xalqlarının mədəni xatirəsində silinməz bir iz qoymuşdur”.  [6] 

Əlli ildən sonra, 24 fevral 2004-cü ildə Avropa Parlamenti “23 Fevral 1944-cü ildə Stalin tərəfindən bütün çeçen xalqının Orta Asiyaya deportasiya edilməsini soyqırım aktı” adlandırmışdır.

Sovet İttifaqının dağılmasından sonra 1996-cı ildə yaradılan İçkeriya Çeçen Respublikasının ilk prezidenti Cövhər Dudayev deportasiyanın ildönümünün yas günü kimi deyil, Milli Diriliş Günü kimi qeyd olunacağını bildirmişdir. 1990-cı illərin əvvəllərində Grozninin mərkəzində Stalin repressiyalarının qurbanlarına həsr olunmuş xatirə abidəsi ucaldılıb. Abidə tamamilə köhnə məzar daşlarından tikilmişdi. Abidədə yerin altından çıxan, əlində xəncər tutan kişi əli təsvir olunmuşdu və üzərində çeçen yazısı ilə “Biz qırılmayacağıq! Biz ağlamayacağıq! Biz unutmayacağıq!” yazılmışdı. Abidə 2008-ci ildə sökülüb. [3]

Bugün Çeçenistanda vəziyyətin sabitləşdiyi vurğulansa da, özbaşına həbslər, məcburi ittihamlar, işgəncə, qanundan kənar cinayətlər hələ də baş verir. 2004-cü ildə Kreml tərəfdarı olan bir çeçen rəsmisi 1994-cü il birinci çeçen müharibəsinin başlamasından bu yana 200.000 insanın öldürüldüyünü etiraf edib. Çeçenistanın müharibədən əvvəl əhalisinin sayı təxminən bir milyon insanı əhatə etmişdir. Deportasiyadan qayıdan nəsillərdən olan insanlar bu gün Çeçenistanda yaşamağın 1944-1956-cı illərdəki qorxunc illərdən daha təhlükəli olduğunu bildirirlər.

2002-ci ildə Moskvada Dubrovka teatrının ələ keçirilməsi və 2004-cü ildə Beslan şəhərində (Şimali Osetiya) məktəbin mühasirəyə alınması ilə yüzlərlə insanın ölümünə səbəb olan terror hücumları Şimali Qafqazdakı vəziyyətin pisləşdiyini və uzun müddət davam edən nəticələrə səbəb olacağını xatırladır.

2005-ci ilin martında dini lider Aslan Masxadovun sui-qəsdindən sonra çeçen müharibəsi üçün danışıqlar yolu ilə həll olunma perspektivi daha da uzaq görünməyə başladı. Müharibə illərində Çeçenistanda əhalinin təbəqələri daha çox radikallaşmışdır. Bundan başqa, münaqişə Çeçenistanın sərhədlərindən kənara yayılmışdır. Savaşlar qonşu İnquşetiyaya da sıçrayır, Dağıstanda da demək olar ki, gündəlik münaqişələr baş verir. 2005-ci ilin sonlarında milliyyətçilər Kabarda-Balkarın mərkəzi Nalçik şəhərində hökümət binalarına basqın edərkən 140 adam həlak olmuşdur. 2006-cı ilin fevral ayının əvvəlində Çeçenistanın şimalında Stavropol diyarında milislərlə döyüşçülər arasındakı qarşıdurmada 19 nəfər ölüb.

Deportasiya çeçenlərin xatirəsinə daimi bir iz qoyub və bu gün bəzi tarixçilər bu hadisəni “sovet dövrünün ən böyük etnik travmalarından biri” adlandırırlar. Bu hadisələr həm də 1991-ci ildə çeçenlərin müstəqillik elan etməsində və sonraki illərdə apardıqları mübarizədə motivasiya rolu oynamışdır.


 İstifadə olunmuş ədəbiyyat:

Bölmələr: Elmi məqalələr

Rəy bildir