Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının təqdimatında Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) seminar təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının təqdimatında “Həmrəyliyimiz: milli-dini birliyimiz” mövzusunda seminar təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, seminarda rektor Ceyhun Məmmədov mövzu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, ölkəmizdə müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlərboyu sülh, əmin-amanlıq şəraitində birgə yaşayıblar. Bu həyat tərzi xalqımızın tarixən qəbul etdiyi və mənəvi dəyərinə çevirdiyi xarakterik xüsusiyyətidir. Ceyhun Məmmədov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maarifləndirilməsi, onlarda Vətənə məhəbbət, torpağa bağlılıq, dövlətə sevgi hisslərinin gücləndirilməsi, milli-mənəvi ruhda yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rektor bildirib ki, ölkəmizdə mövcud olan milli-dini birlik respublikamız müstəqillik qazandıqdan sonra məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət-din siyasətinin məntiqi nəticəsidir. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Musa Qasımlı məruzəsində ölkəmizdə milli birliyin əsasında multikultural dəyərlərin dayandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-dini həmrəyliyimizin qorunması dövlət siyasətində prioritet istiqamətə çevrilib. Ulu öndər Heydər Əliyevin milli-dini birlik və azərbaycançılıq ideyaları hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
O, bildirib ki, dövlət başçımızın dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfə ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə yönəlik məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
Bölmələr: Xəbərlər

Rəy bildir