AMEA Qafqazşünaslıq İnstitutu 2019-cu il üçün hesabatını təqdim etdi

AMEA Qafqazşünaslıq İnstitutu 2019-cu il

üçün hesabatını təqdim etdi
 
 

Oktyabrın 30-da AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı qurumun 2019-cu ildə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim etmişdir. Bildirmişdir ki, İnstitut hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış və AMEA-nın elmi müəssisələrinə aid olan sərəncamları, dövlət proqramlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və AMEA prezidentinin sərəncamlarını yerinə yetirmişdir.

İnstitutda 2019-cu ildə elmi istiqamət, 5 mövzu ilə bağlı 16 tədqiqat işi aparılmışdır. 2018-ci il ilə müqayisədə 2019-cu ildə İnstitutun elmi fəaliyyəti genişliyi və məhsuldarlığı ilə seçilmişdir. Belə ki, əgər ötən ildə İnstitut əməkdaşlarının 5 kitabı nəşr edilmişdisə, 2019-cu ildə çap edilən kitabların sayı 9, məqalələrin sayı 104 idisə, bu il 149, o cümlədən ölkədə işıq üzü görən məqalələr 64 idisə, 99, xaricdə dərc edilən məqalələrin sayı  40 idisə, 50 olmuşdur. Əməkdaşların məqalələri Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna, ABŞ, Almaniya, Hindistanda dərc edilmişdir. 2018-ci ildə impakt faktorlu jurnallarda 2 məqalə dərc edilmişdisə, hesabat ilində onların sayı 6 olmuşdur. Qəzetlərdə və internet saytlarında dərc olunan məqalələrin sayı 45-dir. Ümumiyyətlə, İnstitut əməkdaşlarının əsərlərinin sayı əgər  2018-ci ildə 173 idisə, 2019-cu ildə bu rəqəm 209 olmuşdur.

İnsitut alimlərinin əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb etmişdir. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının əsərlərinə Türkiyədə  9,   Almaniyada 1, Ukraynada 1, Ermənistanda 1 dəfə istinad edilmişdir. M.Qasımlı bir neçə beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür.

           Hesabat ilində İnstitut əməkdaşları Azərbaycan Qafqazşünaslıq elmini xarici ölkələrdə layiqincə təmsil etmişlər. Belə ki, əgər 2018-ci ildə beynəlxalq və respublika elmi konfranslarında edilən məruzələrin sayı 75, o cümlədən xaricdə (Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna) 23 idisə, 2019-cu ildə bu rəqəm 112, o cümlədən xaricdə  (Belarus, Rusiya, Türkiyə, Ukrayna) 24 olmuşdur.

           2019-cu ildə İnstitutda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, İran, Qazaxıstan, Belarus, Özbəkistan, Şimali Makedoniya, Ukrayna və Gürcüstandan 223 alim və tədqiqatçının iştirakı ilə Qafqazşünasların İkinci Beynəlxalq Forumu keçirilmişdir. Forumda Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər, Qafqazda münaqişələr və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və b. problemlərə həsr olunmuş 250-yə yaxın məruzə 24 bölmə iclasında müzakirə edilmişdir.

İnstitut  noyabrın 28-də “Qafqazda terror” mövzusunda respublika elmi konfransı da keçirməyə hazırlaşır.

  Qafqazşünaslıq İnstitutunun www.caucasusstudies.az saytı fəaliyyət göstərir.

  İnstitutun 3 dildə nəşr ediləcək “Qafqazşünaslıq” adlı elmi jurnalı beynəlxalq standart seriya nömrəsini almışdır. Jurnalın www.jcs.az veb saytı da fəaliyyət göstərir. Bu, ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq standart seriya nömrəli və elektron jurnaldır.

Bölmələr: Xəbərlər / Xəbər arxivi / Hesabatlar
Teqlər:

Rəy bildir