Xarici ölkə alimlərinin Qafqazşünasların II Beynəlxalq Forumu barədə təəssüratları


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu tərəfindən Bakıda təşkil edilən Qafqazşünasların II Beynəlxalq Forumu mayın 24-də başa çatıb.
Tədbirdə Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı forumun əhəmiyyətindən, 2 gün ərzində müzakirə olunan mövzulardan və əldə olunan nəticələrdən danışıb. O bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən qafqazşünas alimləri, tədqiqatçıları bir araya gətirdi, onlar arasında əməkdaşlığın qurulmasına kömək etdi, qafqazşünaslıq sahəsində elmi-tədqiqat perspektivlərini müəyyənləşdirməkdə bir yol xəritəsi müəyyən etdi.
“İnanıram ki, Qafqazşünasların II Beynəlxalq Forumu yüksək nəticələri ilə yadda qalacaq və qafqazşünaslıq elminin inkişafına töhfələr verəcək”, – deyə Musa Qasımlı vurğulayıb.
Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, ermənilərin Qafqazda həyata keçirdiyi işğalçılıq siyasətinin müzakirəsi baxımından müxtəlif ölkələrin qafqazşünaslarının, elm adamlarının iştirak etdikləri forumun böyük əhəmiyyət daşıdığını, bu beynəlxalq tədbirin alimlər üçün geniş imkanlar açdığını bildirib. Kamal Çiçək vurğulayıb ki, Azərbaycan apardığı siyasətlə, nail olduğu yüksək inkişafla Qafqazda liderdir.
Xatırladaq ki, forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus, Şimali Makedoniya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 220-dən çox alim və tədqiqatçı iştirak edib. Onlar tərəfindən “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında 24 bölmə iclasında müzakirələr aparılıb.

Xarici ölkələrdən olan alim və tədqiqatçılar II Beynəlxalq Forumla bağlı təəssüratlarını müxtəlif kütləvi informasiya vasitələri ilə bölüşüblər. 


İbrahim Ethem Atnur: Azərbaycanda iqtisadi inkişafla yanaşı, yüksək elmi inkişaf da müşahidə olunur

Azərbaycanda iqtisadi inkişafla yanaşı, yüksək elmi inkişaf da müşahidə olunur. Qafqazşünasların II Beynəlxalq Forumunun Bakıda təşkil olunmasını bu elmi inkişafın nəticəsi kimi qiymətləndirirəm.
Bu fikri AZƏRTAC-a müsahibəsində Atatürk Universitetinin tarix şöbəsinin professoru İbrahim Ethem Atnur deyib. O qeyd edib ki, forumda “Ermənistanın Naxçıvan Muxtar Respublikasına hücumları və Türkiyənin mövqeyi” mövzusunda məruzə edəcək.
“Ümid edirəm ki, dünya qafqazşünaslarını bir araya toplayan bu forum elmi biliklərin mübadiləsinə öz töhfəsini verəcək”, – deyə professor bildirib.


Numan Aruç: Qafqazşünasların II Beynəlxalq Forumu zamanında və yerində təşkil olunub

Qafqazşünasların II Beynəlxalq Forumu zamanında və yerində təşkil olunub. Bu gün Qafqazda öz həllini gözləyən problemlər var.
Bu fikri AZƏRTAC-a müsahibəsində Makedoniya Elmlər və Sənətlər Akademiyasının professoru Numan Aruç deyib. O bildirib ki, 2 gün davam edən forumda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, regionda baş verən münaqişələr, terror, xalqlar və dövlətlərin qarşılıqlı münasibətləri, böyük dövlətlərin Qafqaza dair siyasəti müzakirə edilib.
Professor deyib: “Çox təəssüflər olsun ki, dünya hələ də ermənilərin yalanlarına inanır. Biz də elm adamı olaraq Qafqazın yarasına çevrilən erməni terrorizmini, onun regionda törətdiyi nəticələri bir daha dünyaya çatdırmağa, məsələnin həlli yolunu tapmağa çalışdıq. Ümid edirəm ki, forum gözlənilən nəticələri doğruldacaq”.

Riçard Danakari: Erməni terrorizmi bütün Qafqaz regionunun inkişafına öz mənfi təsirini göstərir

Qafqazda baş verən proseslər öz aktuallığı ilə dünyanın diqqət mərkəzindədir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Rusiya Akademiyasının Volqoqrad İnstitutunun fəlsəfə və sosiologiya kafedrasının professoru Riçard Danakari deyib.
O bildirib ki, Qafqaz regionunda vacib məsələlərdən ən birincisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır. Qarabağ problemi, erməni terrorizmi bütün Qafqaz regionunun inkişafına öz mənfi təsirini göstərir.
“Forumda Qafqaz siyasəti, regionda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və Qafqaz regionunda olan digər problemlər elmi səviyyədə müzakirə olunur. Ümid edirəm ki, forum qafqazşünaslığın problemlərinin beynəlxalq arenaya çatdırılmasında mühüm rol oynayacaq”, – deyə alim qeyd edib.


Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır

Bakının ev sahibliyi etdiyi Qafqazşünasların II Beynəlxalq Forumu Qafqazı araşdıran alimlərin, tədqiqatçıların fikir mübadiləsi aparması üçün əla platformadır.Bu fikri AZƏRTAC-a müsahibəsində rusiyalı tarixçi və hüquqşünas alim Oleq Kuznetsov deyib.
O bildirib ki, Rusiyada qafqazşünaslığa regional elm kimi baxırlar. Bu sahə vacib, prioritet hesab olunmur. Amma Azərbaycanda qafqazşünaslığa ciddi beynəlxalq elm kimi yanaşılır. Bugünkü foruma təkcə Qafqaz ölkələrinin nümayəndələri deyil, dünya qafqazşünasları toplaşıblar. “Forum qafqazşünas alimlərin bir-birini daha yaxından tanımasına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli əməkdaşlıq etmələrinə yardımçı olacaq. Qafqazşünas alimlər öz ölkələrində həmişə auditoriya tapmırlar. Bu forum qafqazşünasların beynəlxalq dialoqunun qurulmasında mühüm rol oynayacaq”, – deyə rusiyalı tarixçi vurğulayıb.

Bölmələr: Xəbərlər / Simpoziumlar

Rəy bildir