Qafqazşünaslıq İnstitutunun direktoru Bilik Fondunda təcrübə keçən tələbələrin suallarını cavablandırıb

  Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda olublar.

Fonddan bildirilib ki, təcrübəçilər Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilə görüşüblər.

  Görüşdə M.Qasımlı rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açıb. O bildirib ki, Qafqaz ölkələrində baş verən sosial-iqtisadi, siyasi və digər proseslərin Azərbaycana təsiri, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin regiona dair baxışları, nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması, əməkdaşlığı, beynəlxalq konfranslarda təmsilçilik Qafqazşünaslıq İnstitutunun əsas fəaliyyət istiqamətini təşkil edir.

Azərbaycanın dünyada yüksək nüfuza malik olduğunu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildiyini vurğulayan alim görüş zamanı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

Tələbə-alim dialoqu şəklində davam edən görüşdə tələbələrin diqqətinə çatdırılıb ki, ölkə iqtisadiyyatının inkişafı ayrı-ayrı sahələrə öz müsbət təsirini göstərir, neft kapitalı insan kapitalının gücləndirilməsinə yönləndirilir, sosial obyektlərin tikintisinə və yeni iş yerlərinin yaradılmasına böyük diqqət ayrılır. Tələbələrə dövlətin bu uğurlarını təbliğ etmək tövsiyə olunub.

Sonda Qafqazşünaslıq İnstitutunun Ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev təcrübəçiləri institutun müvafiq şöbələri ilə tanış edib.



 
Bölmələr: Xəbərlər

Rəy bildir